Qarabağda separatçı rejiminin “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan deyib ki, daha çox beynəlxalq təşkilatın Azərbaycandan Laçın dəhlizinin açılmasını tələb etməsi separatçılara aeroport məsələsini qaldırmaq imkanı verir.
O AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Qarabağdan “hava körpüsü” bölgəyə ərzaq və başqa mühüm malların gətirilməsinə imkan yaradardı.
Vardanyan məmnun olduğunu bildirib ki, onun Qarabağa gəlişi Bakıya böyük təsir göstərib.
Onun sözlərinə görə “Azərbaycanın başa düşməsi mühümdür ki, Qarabağ tək deyil, Qarabağın yanında nüfuz, əlaqə və təcrübəyə malik insanlar var”.
Vardanyan bildirib ki, Qarabağ məsələsi Azərbaycanın düşündüyü qədər sadə deyil:
“Mən şadam ki, onlar Artsax (Qarabağ-red) məsələsinin belə sadə həll olunmadığını başa düşürlər. Onlar hesab edilər ki, belə asanlıqla, addım-addım, tədricən bu məsələni həll edəcək və beynəlxalq birliyi “Qarabağda 15-20 min adamın yaşadığına, burda yalnız silahlılar olduğuna, əhalinin olmadığına, bu məsələni həll edəcəklərinə” inandıracaqlar. Mənə belə gəlir ki, onlar üçün mənim bura gəlişim ağırdır. Bu onunla bağlıdır ki, mənim gəlişimlə Artsax (Qarabağ-red) məsələsi dünyada daha çox müzakirə olunur, buna böyük maraq var”.
Ruben Vardanyanın sözlərinə görə Bakı nəhayət yalnız bir variantın – Qarabağla danışıqlar variantının olduğunu etiraf etməlidir:
“Artsax (Qarbağ-red) müstəqil olacaq və mənim rolum danışıqlar üçün çox mühüm ola bilər. Onlar ekologiya məsələsini qaldırmaqla bizə öz subyektliyimiz məsələsini daha yüksəyə qaldırmaq imkanı veriblər. İndi bizim bu məsələ ətrafında müzakirə olunan məsələlərin həllinin axtarışında tərəf kimi iştirakımızı tələb etmək imkanımız var”.
Azadlıq radiosu