Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Mixail Saakaşvilinin həbsxanada çəkilmiş video görüntülərini və fotolarını paylaşmaq insan ləyaqətini alçaltmaq, qeyri-insani davranışdır. Bunu edən Gürcüstan hakimiyyəti ən sərt şəkildə qınanılmalı və cəzalandırılmalıdır.
Saakaşvili öz prinsipial, ardıcıl mübarizəsindən daha çox gürcü xalqının əzmkarlığı və Eduard Şevardnadzenin demokratiyaya meyilliliyi nəticəsində asanlıqla hakimiyyətin zirvəsini fəth edib. Odun-alovun içindən keçib polad kimi bərkimiş Azərbaycan müxalifətçilərinin cəsarəti, mətanəti, iradəsi qarşısında onun bu gün həbsdə sərgilədiyi zəifliyi çoxları üçün şok effekti, xəyal qırıqlığı yarada bilər.
Ancaq unutmayın ki, Rusiyanın ən böyük demokratı Boris Nemtsov dəfələrlə keçmiş sovetlər məkanında ən güclü və prinsipial müxalifətin Azərbaycanda olduğunu qeyd edib. Və nə yazıq ki, bölgədə ən sərt, ən qəddar rejim də bizdədir.
Azərbaycan müxalifəti öz canı, həyatı, azadlığı bahasına irtica ilə mübarizədə elə yüksək standartlar müəyyənləşdirib ki, indi Saakaşvilinin düşdüyü durumu görən insanlarımız şok olur. Çünki, məsələn, Fuad Qəhrəmanlı son və dördüncü həbsində təzyiqinin sıfırlanması və ölüm xəbərinin yayılması həddində işgəncə ilə üzləşsə də diplomatik korpus həyəcan içində “Fuad Qəhrəmanlı ölübmü?” sualının cavabını axtarsa da, az sonra sanki heç nə olmamış kimi ayağa qalxdı, “yola davam” deyib istibdadın üstünə daha qətiyyətlə yeridi.
Tofiq Yaqublu 37 dəfə həbs olunmasına və ən ağır işgəncələr görməsinə rəğmən dim-dik ayaqdadır, öz dəyanəti, dəmir iradəsi və qəhrəman ailəsi ilə həm Azərbaycan, həm dünya demokratiya tarixinin qızıl səhifələrini yazır. Amma insanlar düşünür ki, bu elə Tofiq bəyin, ailəsinin işidir, borcudur, onları anaları bu dünyaya zülm çəkmək, həbs olunmaq üçün gətirib.
30 il ağır mənəvi, siyasi, hüquqi təqiblər , hətta ən amansız fiziki işgəncə altında belə bircə an tərəddüd etmədən, sapmadan ölkənin milli müqavimət potensialını məhv olmağa qoymayan, xalqın etiraz ruhunu yaşadan Əli Kərimli kimi siyasi lider varmı bütün bölgədə?!
Bir neçə il öncə heç kimin tanımadığı Niyaməddin Əhmədovun üstünə 200 milyarddan çox pulu və ən qəddar cəbr aparatı olan, gəlişmiş işgəncə texnologiyalarına sahib bir rejim çökdü, elektrik cərəyanına bağlayıb böyrəklərindən qan damanadək işgəncə verdi, ancaq sındıra bilmədi.
Ən yaralı yerimiz olan Oqtay Gülalıyevi, Gözəl Bayramını, rejimin sındıra bilməyib məhv etdiyi neçə fədakar Vətən sevdalısını düşünün…
Bir də Rusiyadakı, Belarusdakı, Qazaxıstandakı səssizliyə baxın…
“Öz vətənində peyğəmbər olmaq çətindir” deyirlər. Ancaq həm də Saakaşvili nümunəsinə baxıb Azərbaycanın belə aslanlar, Vətən fədailəri baxımından nə qədər şanslı olmasını düşünün… və məncə, buna sevinmək, qürur duymaq lazımdır.
Belə qəhrəmanlar hər millətin şansına düşmür…