Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bizim Arxiv idarələri Heydər Əliyevlə bağlı bütün sənədlər üzərinə qadağanlıq damğası vurublar. Adı keçən bütün sənədləri tədqiqatçılardan gizlədirlər. Başa düşmürlər ki, o, öz zamanəsinin siyasətçisi, rəhbər işçisi idi. Sənədlər gizli saxlandığı üçün hər şey baş ayaq olub. Vaxtı ilə Yaqub müəllim Akademiyanın Tarix İnstitutunda Heydərşünaslıq şöbəsi yaratmışdı. Əgər Heydər Əliyevlə bağlı sənədləri qadağan edirsinizsə bu şöbəyə nə hacət? Bu şöbə nə etməlidir? Yüz dəfə deyilən yalanı 101-ci dəfə tirajlamalıdır. Ötən günlər yazdım. 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması, 1945-46-cı illərdə Təbriz küçələrində Heydər Əliyevin guya müstəqillik uğrunda mübarizə aparması kimi uydurmalardan, yalanlardan əl çəkin. Yolun düzünü qoyub əyrisi ilə getməyin. Bəzi doğru şeylər var, çalışın onları yazasınız. Amma bunun üçün işləmək, çalışmaq, doğruları üzə çıxarmaq lazımdır.
Bir neçə ilə əvvəl mən Moskva Arixlərində işləyəndə görüdüm ki, Heydər Əliyevlə bağlı nə qədər maraqlı materiallar var. Təkcə erməni “Miatsum” hərəkatının liderlərindən ollan İqor Muradyanın iki il (1986-1988) ərzində Naxçıvan, Dağlıq Qarabağ və Heydər Əliyevlə bağlı müxtəlif Sovet orqanlarına (SSRİ Ali Məhkəməsi, SSRİ Baş Prokurorluğu, Sov.İKP MK, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi və Heydər Əliyevin özünə) göndərilən məktub və müraciətlər 11 cilddir. Çoxu da yalan, böhtan və təhdidlə dolu.
Muradyanın bütün bu 11 cildlik “küllüiyatı” Rusiya Dövlət Ən Yeni Tarix Arxivində saxlanır. Qovluqlar belə adlanır: “Tarixi erməni torpağı olan Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına birləşdirilməsi və Heydər Əliyevə qarşı məhkəmə iddiası ilə bağlı İqor Muradyanın məktub və mürəaciətləri”. Bizim tarixçilər özlərindən Heydər Əliyevə “yeni bioqrafiya” uydurunca gedib baxıb görsünlər o 11 cild qovluqda necə maraqlı məqamlar var. İqor Muradyan adlı bir erməni fəaliyyətdə olan Siyasi Büro üzvünə öz adından teleqram vuraraq onu necə ölümlə, həbslə təhdid edir. Təsadüf idimi? Əlbəttə yox.
Deməli 1986-ci ilin iyununu əhatə edən 1-ci qovluq 239 vərəqdir, 1987-ci ilin may ayını əhatə edən 2-ci qovluq 210 vərəqdir, həmin ilin avqust ayını əhatə edən 3-cü qovluq 351, iyul ayını əhatə edən 4-cü qovluq 436, mart-avqust aylarını əhatə edən 5-ci qovluq 401, sentyabr ayını əhatə edən 6-cı qovluq 286, may-sentyabr aylarını əhatə edən 7-ci qovluq 193, 1987-ci ilin sentyabr ayını əhatə edən 8-9-cu qovluqlar birlikdə 462 vərəq, noyabr – dekabr aylarını əhatə edən 10-cu qovluq 97 vərəq, 1988-ci ili əhatə edən 11-ci qovluq 310 vərəqdir. Haradasa toplam 3 min vərəqə yaxın sənədlərdir. Bu yalnız bir ermənin iki il ərzində yazdıqlarıdır.
İqor Muradyanın “külliyyatından” aydın olur ki, Qarabağ hərəkatı planlaşdırılanda doğrudan da Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması erməni millətçilərinin strateji planlarına daxil olub. Və onlar bununla bağlı mümkün olan və olmayan bütün şeyləri ediblər. Heydər Əliyevə təhdidedici, qorxuducu, hədələyici teleqramlar vurublar. Bizim tarixçilər özlərindən yalan, əfsanə uydurana, cəfəngiyat yazana qədər gedib bu gerçək sənədlərlə tanış olsunlar.
İndi həmin “külliyyatdan” sizə bir sənəd təqdim edirəm. Bu İqor Muradyanın 1987-ci ilin sentyabrında Heydər Əliyevə göndərdiyi təhdidedici teleqramıdır. Maraqlıdır Siyasi Büronun üzvünə, Sovet hökumətinin ikinci adamına Yerevandan təhdidedici teleqram göndərilir, Xan Xoyskiyə, Tələt Paşaya, Behbud xan Cavanşirə, Bahəddin Şakirə, Camal Paşaya erməni terrorçuların qəsdləri xatırladılır, Ənvər Paşanın1922-ci ildə Akop Melkumyanın dəstəsinin məhv etdiyi, şəxsən Qarabağlı erməni Saruxanyan tərəfindən qətlə yetirildiyi yada salınır, onu da belə bir tale gözlədiyi vurğulanır və buna heç bir reaksiya olmur.
Bir müddət sonra Muradyanı KGB agenti ittihamı ilə “Miatsum” hərəkatından uzaqlaşdırılır. Kim təminat verə bilər ki, belə təhdidedici teleqramlardan KGB-nin xəbəri yox idi. Dediyim “külliyyatın” içərisində belə sənədlər çoxdur. Məsələn, Muradyan Qorbaçovun köməkçisi Abel Aqanbeqyanla beş süşə konyak içəndən sonra Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən sənədə necə imza atıb və sair.