Dekabrın 23-də Parisin mərkəzindəki kürd icma mərkəzinin yanında və başqa yerlərdə atəş açan 69 yaşlı şəxs saxlanıb.
The New York Times bu hücum nəticəsində azı üç nəfərin öldüyünü xəbər verir.
Paris prokurorun verdiyi məlumata görə atışma nəticəsində yaralanmış daha üç nəfərdən birinin vəziyyəti ağırdır.
Fransa rəsmiləri bildirirlər ki, restoranda, bərbərxanada və daha sonra kürd icma mərkəzi yaxınlığında atəş açan şəxs yüngül yaralandıqdan sonra saxlanıb və xəstəxanaya aparılıb.
France 24 restoranın da kürdlərə məxsus olduğunu xəbər verir.
Rəsmilər hücumun motivlərinin hələlik bilinmədiyini deyirlər.
Paris prokuroru Lora Bekua (Laure Beccuau) bildirib ki, polis mümkün irqçi motivli hücumu araşdırır.
Bu yaxınlarda azadlığa buraxılıb
Prokuror əlavə edib ki, şübhəlinin kimliyi də araşdırılır. Onun bundan əvvəl Parisin Bresi məhəlləsində çadırlarda yaşayanlara hücum etməkdə şübhəli bilindiyi deyilir.
O 2021-ci ildə həbs olunsa da bu yaxınlarda azadlığa buraxılıb.
Fransa 2015 və 2016-cı illərdə genişmiqyaslı islamçı terror hücumları ilə üzləşməli olub.
Xanım Bekua həmin şəxsin bundan az əvvəl məhkum edildiyini də bildirib.
Paris meri Ann Hidalqo (Anne Hidalgo) Twitter-də polisə qətiyyətli hərəkətinə görə təşəkkür edib, həlak olanların yaxınlarına başsağlığı verib.
Parisdə on il bundan əvvəl üç kürd fəal qadın güllələnərək qətlə yetirilmişdi.
Onların arasında Kürdüstan İşçi Partiyası – PKK-nın əsasını qoymuş Sekine Cansız da vardı.
Azadlıq radiosu