Prezident nümayəndəni qəbul edib
Dekabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına yeni təyin etdiyi nümayəndə Fuad Nəcəflini qəbul edib və ona bəzi tapşırıqlarını verib.
AZƏRTAC-ın xəbərinə görə, qəbulda bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.
“Prezident İlham Əliyev tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin”, – məlumatda yazılıb.
+++
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Bununla bağlı dövlət başçısı sərəncam verib.
Həmin sərəncam ilə Fuad Nəcəfli Naxçıvan MR-da Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Fuad Nəcəfli haqqında…
1975-ci il təvəllüdlü F.Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir. O, indiki təyinatadək “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.
Yerli mətbuatın yazdığına görə, F.Nəcəfli daha əvvəl “Paşa Holdinq”ə daxil olan bir sıra şirkətlərdə çalışıb.
Vasif Talıbov istefa verib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun bununla bağlı müraciəti bu gün, dekabrın 21-də Ali Məclisin iclasında açıqlanıb.
Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb.
Bundan əvvəl son həftələr MR-də bir sıra vəzifəli şəxslərin həbsi və onların mənimsəmədə ittiham edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Dekabrın 13-də MR-da Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunmuşdu.
Noyabrın 25-də də Naxçıvan Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov, bir neçə gün sonra isə MR-a Maliyyə naziri Rafael Əliyev barələrində mənimsəmə ittihamı ilə həbs-qətimkan tədbiri seçilmişdi.
Həbs edilənlərin ittihama münasibəti, hələlik, bəlli deyil.
Azadlıq radiosu