Hüquqşünas Ələsgər Əhmədoğlu
Cəmiyyətdə hüquqi təminat olmasa insanlar hər an təhlükəsizliyinə müdaxilə qorxusu ilə yaşayar. Bu hal cəmiyyətin çox kövrək və qırılqan olması və öz reflekslərini itirməsi ilə nəticələnər. Belə cəmiyyətdə insanlar dövlətə və hüquqa etimat etmədiklərinə görə yaşamaq istəməz.
Toplumda hər bir şəxs həm özünün həm də gələcəyinin-övladlarının yüksək hüquqi təminat altında olduğu bir yerdə yaşamağa üstünlük verir, bunun olmadığı yerdə yaşamağın mənası olmur. Məhz bu səbəblərdən hər il dünyada milyonlarla insan daha güvənilir, hüququn aliliyinin qorunduğu, hüquq qarşısında bərabərliyin təmin edildiyi mühitə qovuşmaq üçün can atır, çırpınır, köç edir hətta bu yolda özünü fəda edir.
Dünən Bəxtiar Hacıyevin şəxsi kompüter sisteminə müdaxilə edilərək onun şəxsi yazışmaları yayılıb. Bəxtiyara qarşı baş verənlər hər kəsin gözü önündə ölkədə hüququn zorlamasıdır.
Hər hansı şəxsin özünün icazəsi olmadan onun şəxsi yazışma sirrini pozma AR Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə cinayət əməli hesab olunur.
Cinayət Məcəlləsinin 156-cı maddəsi isə “şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması”nı cinayət əməli hesab edir.
Cinayət Məcəlləsinin 271-ci maddəsi “kompyuter sisteminə qanunsuz daxil olma”nı, 272-ci maddə isə “Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə”ni cinayət əməli sayır və hətta dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacağını bildirir.
Cinayət Prossesual Məcəllənin 46.2-ci maddəsi isə “Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə,… və ya kütləvi informasiya vasitəsinin məlumatları…”nı göstərir.
Yəni qanunvericilik bu sahədə səlahiyyətli qurum olan prokurorluğun kütləvi informasiya vasitəsinin məlumatları əsasında cinayət işini başlamalı olduğunu nəzərdə tutub.
Dövlətin vəzifəsi bununla məhdudlaşmır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında ƏSASNAMƏnin 3.1.8. müddəasına əsasən bu Xidmət “istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə..”- hər bir istifadəçinin məlumatlarını toplayır və saxlayır.
Bu qurumun saxlanmasına və fəaliyyətinin təşkilinə hər il milyonlarla vəsait ona görə xərclənir ki, istifadəçilərin yəni həm də fərdlərin kiberhücumlara məruz qalmasını önləsin və bu müdaxilələr olduqda onun mənbəyini, səbəbini, səbəbkarını müəyyən edən addımlar atsın.
Bizi kim-kimə nə yazıb, niyə yazıb maraqlandırmır, bizi “hüquq niyə işləmir?” -bu maraqlandırır. Cavabınızı gözləyirik!