Tibbi elmlər doktoru Adil Qeybulla bu gün, dekabrın 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsində aclıq aksiyası keçirdiyi bildirilən Bəxtiyar Hacıyevlə görüşüb.
A.Qeybulla bildirib ki, görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi icazə verib: “Müayinə prosesi Tibb İdarənin həkimlərinin iştirakı ilə aparıldı. Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəriciləri stabildir: arterial təzyiqi 110/70, nəbzi 80, şəkəri 5 mmol/l. Çəkisi 77.5 kilodur”.
“Həyatı üçün təhlükə yoxdur…”
Həkimin sözlərinə görə, B.Hacıyevin huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb: “Həyatı üçün təhlükə yoxdur. Ona aclıq aksiyasının dayandırmağı tövsiyə edildi. Əlavə dəstək müalicəsi kimi su-elektrolit balansını normal saxlamaq məqsədilə venadaxili infuziya edildi …və söhbət etdik. Əhval-ruhiyyəsi stabildir”.
Vəkilləri B.Hacıyevin təcridxanaya daxil olanda 84.5 kiloqram olduğunu açıqlamışdılar. O, dekabrın 15-də apellyasiya şikayətinə baxılarkən aclıq aksiyasına başladığını bildirmişdi.
A.Qeybullanın bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bəxtiyar Hacıyevin çəki itirdiyi bildirilir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin keçirdiyi aclıq aksiyasına görə 6 kilo çəki itirdiyi bildirilir.
Bu barədə onun yaxınları məlumat verib.
Vəkil Şəhla Hümbətova bugün, dekabrın 26-da Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb.
Vəkilin Azadlıq Radiosuna vurğulamasına görə, Hacıyev zəifləyib:
“Saxlanıldığı otaqdan vəkillə görüşə gələnə qədər bir neçə dəfə dayandığını, baş gicəllənməsinin olduğunu bildirir. Deməsinə görə, qan təzyiqi 90/60-dır”.
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Bu il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.
Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. Hacıyevi ilyarımadək həbs təhlükəsi gözləyir.
O, ittihamları qəbul etmir. Aclıq aksiyasına başladığını dekabrın 15-də apellyasiya şikayəti ilə bağlı məhkəməsində açıqlamışdı.
Amerika Birləşmiş Ştatlar Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatlar Azərbaycan hökumətini gənc fəal Bəxtiyar Hacıyevi sərbəst buraxmağa çağırıblar.
Azadlıq radiosu