Niyə Azərbaycanda şortik geyinmək məsləhət deyil. Çünki sonra sizi şalvar geyinməyə məcbur edə bilərlər və o şalvarın cibindən narkotik çıxa bilər. Filim gibi bir olay…
Deməli Yasamal rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov Yasamal rayon polis idarəsinin bir vətəndaşı narkotik əldə edib saxlamaqda (234.1) ittiham etdiyi cinayət işi üzrə həmin vətəndaşı təqsirli bilməyərək, ona bəraət verib.
Qısaca mövzu barədə – keçən ilin avqustunda bu vətəndaş bir gün küçədə səs-küy eşitdiyi üçün şortikdə yaşadığı mənzilin həyətinə çıxıb və bu zaman Yasamal RPİ-nin əməkdaşları onu tutub aparıb idarəyə. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşları da şəxsin tutularkən şortikdə olduğunu təsdiq edib. Amma polislər onu da bildirib ki, şəxsi idarəyə aparmamışdan əvvəl anasından bir şalvar götürüb veriblər vətəndaşa ki, al bu şalvarı polis maşının içində geyin şortikin üstündən. Şalvarı vətəndaşa vermiş polis əməkdaşının məhkəmədə dediyinə görə, polis idarəsinə şortla daxil olmaq əxlaq və milli mentalitet qaydalarına uyğun deyilmiş 🙂
Nə başınızı ağrıdım, yəqin artıq özünüzün də təxmin etdiyiniz kimi, idarədə şalvarın cibindən narkotik vasitə çıxıb 🙂
Vətəndaşın dediyinə görə polislər onu döydükdən sonra cinayəti etiraf etməyə məcbur edib. Bu arada susadığı üçün ona içməyə su da veribmişlər. Amma suyu içdikdən sonra baş ağrıları və başının fırlanmasından ona məlum olmuşdur ki, həmin suyun tərkibinə narkotik vasitə qatılıbmış ki, müayinə zamanı müəyyən olunsun ki, o, narkotik vasitə qəbul edib.
İşə baxan hakim hesab edib ki, əynində şort olan şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdırsa, belə bir vəziyyətdə şəxsin üzəri dedikdə, saxlanılarkən onun əynində nə vardırsa, həmin paltarlar və əşyalar onun üzərində olmuş hesab edilir.
Şəxs hansı vəziyyətdə saxlanılmışdırsa, saxlanılarkən üzərində olan əşyalar və ya paltarlar yoxlanılmalı, həmin paltarlardan və həmin vəziyyətdə üzərindən çıxan əşyalar ona aid əşyalar hesab edilir.
Lakin iş üzrə müəyyən edilir ki, şəxs saxlanılarkən üzərində şort olmuş, lakin onun üzərinə baxış keçirilərkən əynində şalvar olmuşdur və psixotorop maddəni həmin şalvarın cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Belə vəziyyətdə əldə edilmiş sübut mötəbər sübut hesab edilə bilməz. Mötəbər olmayan sübutla şəxs təqsirləndirilə bilməz, təqsiri sübuta yetirilmiş hesab edilə bilməz.
Bu, narkotik vasitələr əldə edib saxlamaqda ittiham olunmuş amma məhkəmə tərəfindən bəraət almış onlarla işdən biridir. Biz sadə vətəndaşlar hakim tərəfindən işə bu cür baxılmasını, təqdim olunan sübutlara belə qiymət verilməsini ancaq Amerika filmlərindən görürük. Yaxşı ki az da olsa belə işlər də olur.
Yəqin ki, polislər də bu cür qərarlardan özləri üçün nəticə çıxaracaq və gələcək işlərdə şortikdə tutulanları elə şortikdə idarəyə aparacaq, ya da elə evdə əyninə şalvar geyindirib sonra aparacaqlar.
Qərar – https://e-mehkeme.gov.az/Edoc/DownloadPdf?guid=1ff669d037714dabadf8cc6a9b067e34.pdf
P.S. İş barədə ilkin məlumatı vəkil Anar Mövsumoğlunun səhifəsində oxumuşam.
Rəşad Əliyev