Milli Şuranın sədri, professor Cəmil Həsənli
Son həftələr ərzində ölkədə din xadimlərinin, ilahiyyətçi üləmaların və dindarların kütləvi həbsi gedir. Qeyri-rəsmi məlumatlara görə həbs olunan və müxtəlif ittihamlarla saxlanılanların sayı 400-500 nəfər ətrafındadır. Faktiki olaraq ölkədə ikinci “Tərtər əməliyyatı” həyata keçirilir. Din xadimlərinin, ilahiyyətçi alimlərin cibinə narkotika atıb həbs etməklə bağlı məlumatlar yayılır. Məsələnin acınacaqlı tərfi budur ki, Azərbaycan hakimiyyəti İranla münasibətlərin gərginləşməsi fonunda öz vətəndaşlarını cəzalandırır, onların kütləvi həbsini həyata keçirir. İstintaqsız-məhkəməsis tanınmış din xadimlərinin üzərinə casus damğası vurulur. Məsələ hüquq müstəvidən çıxaraq siyasi məzmun kəsb etməyə başlayır.
Yeri gəlmişkən Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanda bu qədər din xadimi həbs edilməyib. Həbs olunan adamların anket məlumatlarında onların şiə məzhəbindən olduğu qeyd edilir. Ola bilsin cinayət məcəlləsinə saxlanılan şəxlərin məzhəb məlumatlarının göstərilməsi haqqında maddə əlavə olunub biz bilmirik. Amma həbs olunan şəxslərin cinayət işlərində məzhəb məlumatlarının bir dəlil kimi göstərilməsi orta əsrlər dövründə 1639-cu ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında imzalanmış Qəsri-Şirin müqaviləsinə qədər olub. XXI əsrdi həbs olunmuş şəxslərin məzhəb məlumatlarının göstərilməsi utancvericidir.
Bundan əlavə ayrı-ayrı həbs olunmuş adamların anket məlumatlarında göstərilir ki, İrana nə bilim 10 dəfə, 12 dəfə və ya 9 dəfə gedib gəlib. Azərbaycanın cənub sərhədlərində yaşayan vətəndaşlar dövlətin qoyduğu qaydalar əsasında il ərzində müxtəlif səbəblərdən (kimisi müalicə, kimisi sosial ehtiyaclar və s.) 8-10 dəfə İrana gedib gəliblər. Bu meyarla yanaşsanız gərək ölkə əhalisinin yarısını həbs edəsiiz. Haçandan İrana gedib gəlmək cinayət əməli sayılır?
Biz “Tərtər işi”ində adamların necə işgəncə altında öldürüldüyünün, onların üzərinə vətən xaini damğası vurulmasının, gizdin dəfn olunmalarının şahidi olduq. Biz Nardaran, Tərtər, Gəncə işlərində gördük ki, Azərbaycanda hüquq adına bir şey qalmayıb, hər şey polis dəyənəyinə söykənib, qanun işləmir, əvəzində Bandotdelin işgəncə labaratoriyası işləyir.Məhkəmələr ədalət orqanı olmaqdan çıxaraq rejimin əlində cəza aparatına çevrilib. Mən o proseslərin hamısının iştirakçısı olmuşam, saxta ittihamlarla həbs edilənlərə verilən dəhşətli işgəncə faktlarını öz qulaqlarımla eşitmişəm. Bu qədər din xadiminin, ilhahittəçi alimin, islam inanclı vətəndaşların agent olması inandırıcı deyil. Əgər bunlar agent idilərsə bəs ölkənin təhlükəsizlik orqanları indiyə qədər hara baxırdılar? Necə oldu ki, bunların kütləvi şəkildə casus olduğu indi yada düşdü.
Sabah ikinci “Tərtər faciəsi” ilə qarşılaşmamaq üçün mən ölkənin tanınmış din xadimlərinin, ilahiyyətçi alimlərinin, islam inanclı vətəndaşlarının narkotika və digər saxta ittihamlarla kütləvi şəkildə həbs edilməsinə, heç bir araşdırma aparmadan, dəlil-sübut ortaya qoymadan onların üzərinə casus, agent damğalarının qoyulmasına öz etirazımı bildirirəm və hakimiyyət orqanlarından bu rüsvayçı kampaniyanı dayandırmağı, günahsız həbs edilənləri azad etməyi tələb edirəm.
Prof. Dr. Cəmil Həsənli
London Universitetinin Tarix Araşdırma İnstitutunun Dəvətli Araşdırmaçısı,
ABŞ Vudro Vilson Mərkəzinin “Demokratiya uğrunda” mükafatının (2015-ci il) qalibi,
Türk Tarix Kurumunun fəxri üzvü (2013-cü il),