“Donald Trampın Rusiya–Ukrayna münaqişəsinin həllinə yönələn təşəbbüsləri və strateji yanaşması ABŞ-ın qlobal siyasətdəki üç əsas rolunu müəyyən edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov bildirib.
O qeyd edib ki, Vaşinqton münaqişənin tənzimlənməsində bir neçə istiqamətdə paralel strategiyalar yürüdür:

“Birincisi, ABŞ Rusiya ilə münasibətlərin tənzimlənməsi çərçivəsində yeni geosiyasi razılaşmaların axtarışındadır. İkincisi, Vaşinqton Avropada hegemonluğunu gücləndirəcək yeni doktrina hazırlamağa çalışır. Üçüncüsü, ABŞ Çinlə münasibətləri və gələcəkdə mümkün razılaşmaları nəzərə alaraq qlobal prioritetlərini yenidən formalaşdırır. Bu baxımdan, Ukraynadakı münaqişə ABŞ üçün strateji imkanları genişləndirən vacib faktor kimi qiymətləndirilir.
Bütün bunlar göstərir ki, ABŞ Ukrayna məsələsinə dar çərçivədən yox, daha geniş geostrateji maraqlar fonunda yanaşaraq öz mövqeyini gücləndirməyə çalışır.
Vasitəçilik roluna gəldikdə isə, Ağ Ev Moskva, Kiyev və Vaşinqton arasında yeni tənzimləmə modelini dəstəkləyir. Bu model çərçivəsində ABŞ Ukraynanın ərazi bütövlüyünü qorumaqla yanaşı, müəyyən məsələlərdə Rusiyanın mövqeyini də nəzərə alır.
Eyni zamanda, Tramp və Putin arasında potensial biznes razılaşmaları geosiyasi alət kimi gündəmdə saxlanılır. Görüşün keçirildiyi məkan ikinci dərəcəlidir; əsas məsələ üçtərəfli dialoqun reallaşmasıdır. Bu isə ABŞ-a sülh yaratmaq niyyətində olduğunu göstərmək imkanı verir”.
Politoloqun fikrincə, növbəti görüşdə tam sülh müqaviləsinin imzalanması real görünmür:
“Çünki Ukrayna münaqişəsi çox mürəkkəb xarakter daşıyır. ABŞ-ın son dövrlərdə tutduğu mövqelər vəziyyəti daha da mürəkkəbləşdirir. Beləliklə, üçtərəfli görüş yalnız müəyyən irəliləyişlər, məsələn cəbhə xəttində atəşkəs razılaşmaları ilə nəticələnə bilər. Lakin tam sülh əldə olunması vaxt tələb edir.
Üstəlik, Rusiyanın ABŞ-dan gələn siqnallara necə reaksiya verəcəyi hələ də qeyri-müəyyəndir. Ukrayna isə irəli sürülən tələbləri qəbul etməyərək müqavimətini nümayiş etdirməyə çalışır.
Lakin ölkənin döyüş qabiliyyəti tədricən azalır və bunun fonunda Rusiya hücumlarının intensivliyinin artması müşahidə olunur. Bu isə danışıqlar davam etdiyi müddətdə Rusiya qüvvələrinin daha sürətli hərbi əməliyyatlara başlaya biləcəyini göstərir”.













