İsveç Ukraynaya milyonlarla dollar ayıracaq

İsveç hökuməti Ukrayna dövlət büdcəsindəki maliyyə çatışmazlığını qarşılamaq üçün əlavə 750 milyon kron (79 milyon dollar) ayırmaq qərarına gəlib.

Gununsesi.info-nun TASS-a istinadən xəbərinə görə, bu barədə hökumət dəftərxanasından məlumat verilib.

“Hökumət Avropa Dəstəyi Fondunun xətti ilə Ukraynaya əlavə büdcə yardımı çərçivəsində 2025-ci il üçün 750 milyon kronun ayrılmasına dair Avropa İttifaqı (Aİ) ilə yeni saziş bağlamaq qərarına gəlib. Bu yardım Ukraynanın dövlət büdcəsindəki maliyyə boşluğunu örtməyə kömək edəcək”, – deyə məlumatda bildirilir.

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benyamin Dusanın sözlərinə görə, ölkə Ukraynaya dəstəyi artırmağa davam edir.

“Yeni razılaşma sayəsində İsveç Ukraynanın dövlət büdcəsini gücləndirmək üçün Avropa Ukraynaya Dəstək Fondu vasitəsilə əlavə vəsait ayıran ilk Aİ ölkəsinə çevrilir. İqtisadi sabitlik Ukraynanın maaş və pensiyaları ödəməyə davam edə bilməsi, həmçinin səhiyyə, məktəblər və sosial xidmətlərin fəaliyyətini təmin etməsi üçün ilkin şərtdir”, – deyə o əlavə edib.

İsveçli siyasətçilərin fikrincə, makroiqtisadi sabitlik Ukraynanın dayanıqlılığı üçün mühüm əhəmiyyət kəsb edir və gələn il ən böyük çağırışlardan biri olacaq. Ukraynanın 2026-cı il büdcəsinin maliyyələşdirilməsi isə dəstək tədbirləri tələb edir. Qiymətləndirmələrə görə, maliyyə defisitini (maliyyə boşluğunu) ödəmək üçün 40 milyard dollara qədər yardıma ehtiyac olacaq.

Qeyd edək ki, Aİ 2024-cü ildə Kiyevə yardım mexanizmi kimi Ukraynaya Dəstək Fondunu yaradıb. Fond Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdirilir və həcmi 50 milyard avro təşkil edir ki, bu vəsait 2024-2027-ci illər ərzində ödəniləcək. Maliyyələşdirmə məqsədləri büdcə dəstəyi, özəl sektorun təşviqi, texniki yardım/dəstək layihələridir.

İsveçin Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği 95.8 milyard kron (10 milyard dollardan çox) təşkil edir. Pulun böyük hissəsi – 83 milyard kron (8.74 milyard dollar) Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldilib.

 

Gununsesi.info