“Məktəbdaxili qiymətləndirmələr əlavə yükdür” - Elmin Nuri

  • By Günel
  • 16 İyul 2025 13:46

Xəbər verdiyimiz kimi, paytaxtdakı ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirilib. Monitorinq Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunub və tədris dili ilə riyaziyyat fənlərini əhatə edib.

Artıq ötən ildən etibarən 3-cü siniflər üçün də monitorinqlər aparılır. Yaxşı ki, sağ olsunlar — 2-ci və 3-cü siniflərdə BSQ (Böyük Summativ Qiymətləndirmə) ləğv edilib.

Bəs, monitorinqlər, eləcə də Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmə (BSQ) şagirdlərə nə qazandırır?

 

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, məktəbdaxili qiymətləndirmələr əlavə yükdür, əlavə stressdir və aradan qaldırılmasını istəyirlər:

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı tərəfimizdən səsləndirilən iradlarla ümumiyyətlə, istər bir valideyn, istər bir vətəndaş kimi narazılığınızla həddindən artıq razıyam. Bu fikirdə olan təkcə media nümayəndələri, təhsil tədqiqatçıları deyil ümumiyyətlə, artıq müəllimlər, valideynlər də, hətta əmin olun ki, məktəb rəhbərliyi də, məktəbdaxili qiymətləndirmələrin əlavə yük olduğunu, əlavə stress olduğunu, bunun nəyəsə bir faydalılıq göstərgəsini, nəsə bir tramplin xarakterinin olmadığını deyirlər və aradan qaldırılmasını istəyirlər.

Şəxsən mən düşünürəm ki, bu arzu və xəyal deyil, subyektiv fikrimdir. Müəyyən bir praqmatik yanaşmamdır ki, BSQ və KSQ-lər ümumiyyətlə, məktəbdaxili qiymətləndirmələr gələcəkdə, ya ümumiyyətlə ləğv olunacaq, ya da çox ciddi dəyişikliklərə gətirib çıxaracaq”.

Elmin Nuri vurğulayıb ki, bir neçə il bundan əvvəl ümumtəhsil pilləsi üzrə təhsil alanların qiymətləndirilməsi qaydalarına dəyişiklik edildi:

“3-cü siniflərlə bağlı ciddi qərarlar verildi. Həmin qərar summativ yükünün nisbətən azaldılması idi. 1- ci siniflərdə  isə, ümumiyyətlə summativ olmamalıdır. Biz təhsil prosesində şagirdin psixologiyasını öyrənməliyik. Təhsil ümumiyyətlə, psixoloji prosesdir. Təhsil təkcə öyrənmə prosesi deyil. Təhsil ona görə təhsildir ki, o zehni proseslə, psixoloji prosesin sintezindədir. Biz psixoloji amilləri nəzərə almırıq. Bu gün oyuncaq mühitindən çıxan 1-ci sinif uşağı onsuz da dərs tapşırıqları ilə yüklənib. Bizim erkən təhsilimizdə beynəlxalq təcrübədən fərqli olaraq oyun əsaslı motivlər, oyun əsası məntiqlər yoxdur. 6 yaşlı uşağın psixologiyasına, zehninə yönəlik tapşırıqlar yoxdur. Akademik yanaşmalardır və bu uşağı yorur. Heç olmasa, belə olan təqdirdə BSQ və KSQ -ləri aradan qaldırmalıyıq. BSQ və KSQ 1 nömrəli psixoloji təzyiqlərdən biridir. Başa düşürəm nəyisə dəyişdirmir. BSQ və KSQ- dən zəif nəticə alanlar belə təhsil  həyatlarında loyal şəkildə hüquqi olaraq nəyisə itirmirlər. Amma bunun psixoloji tərəfləri də var axı. Bu gün KSQ və BSQ ilə yüklənən, stresslə üzləşən, zəif nəticə alan şagird öz həmyaşıdları arasında aşağı sıralarda olduğunu görəndə, bunun fərqinə varanda bu şagirdə çox kömək edəcək? Mən deyirəm yox”.

 

Ekspert qeyd edir ki, rəqabətlilik insanın daha yetkin yaşlarında önəm daşıyır, uşaq yaşlarında isə bu, zərərli ola bilər:

“Biz bu gün guya sağlam rəqabətə cəlb etmək adı ilə 1-ci sinifdə oxuyan 6 yaşlı, 3-cü sinifdə oxuyan 9 yaşlı uşaqları rəqabət mühitinə salmaqla, onların zehni inkişafında ifliclik probleminə səbəb ola bilərik. Bu yanaşma aradan qaldırılmalı və ya kökündən dəyişdirilməlidir. Beynəlxalq təcrübələrdən nümunələr götürülərək tətbiq edilməli, ya da bu mexanizm tamamilə ləğv olunmalıdır. Onsuz da gec-tez bu iki yoldan biri seçiləcək”.

 

Günel Həsənova

Gununsesi.info