“Sədərək”dəki yanğınla bağlı sığortaya müraciət edən olmayıb - RƏSMİ

  • By Günel
  • 25 Avqust 2025 19:55

Bakının Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinin icarəyə verdiyi anbarda baş verən şiddətli yanğınla əlaqədar ölkədəki 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, bu günə qədər yanğınla bağlı sığorta şirkətlərinə əmlak sahiblərindən hər hansı müraciət daxil olmayıb.

“Bu kimi hadisələrin nəticəsində yaranan zərərlər daşınmaz əmlakın icbari sığortası, əmlakın yanğından və digər risklərdən könüllü sığortası, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları vasitəsilə əvvəlcədən təminat altına alına bilər.

Xüsusilə iri ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalı, qarşısıalınma tədbirləri görülməli və mümkün risklərin azaldılması üçün preventiv addımlar atılmalıdır”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info