Ukrayna üzrə sülh sazişi güzəştlər tələb edəcək

  • By Günel
  • 19 Avqust 2025 08:34

Ukraynada münaqişənin dayandırılması haqqında hər hansı saziş hər iki tərəfdən, hətta ədalətsiz ola biləcək güzəştlər tələb edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

“Müharibənin dayandırılması ilə bağlı danışıqlar tərəflərdən güzəştlər tələb edəcək. Əslində, tərəflərdən heç biri burada 100% nəticə əldə etməyəcək. Hər bir tərəf hansısa güzəştlərə getməli olacaq”, – Rubio bildirib.

O qeyd edib ki, ərazi məsələləri qaçılmaz olaraq bu söhbətin bir hissəsi olacaq.

“Bu asan deyil və bəlkə də ədalətsizdir, lakin müharibəyə son qoymaq üçün lazım olan budur”, – dövlət katibi əlavə edib.

Onun sözlərinə görə, bu münaqişədə tərəflərdən heç biri qeyd-şərtsiz təslim olmayacaq.

Rubio vurğulayıb ki, ölkələr arasında sərhəd xətlərinin necə olacağı barədə son qərarı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski verəcək.

“Biz buna yardım etmək və bunu mümkün etmək üçün orada olacağıq”, – o fikrini tamamlayıb.