“Reuters” və “Associated Press” xəbər agentlikləri Gürcüstanda oğurlanaraq Bakıya gətirilən və barəsində saxta ittihamlarla cinayət işi başladılan jurnalist Əfqan Muxtarlıdan yazıb. ABŞ-ın Vaşinqton Post, Nyu-York Tayms, Britaniyanın “Daily Mail” kimi bir çox məşhur mətbuat orqanları da bu haqda məlumat verib.
“Associated Press” (AP) yazır ki, beynəlxalq insan haqları qrupları müstəqil media və müxalif aktivistlərə qarşı repressiyalar apardığına görə Azərbaycanı dəfələrlə tənqid edib.
Əfqan Muxtarlının arvadı Leyla Mustafayeva AP-yə deyib ki, bazar ertəsi axşam o, evdə ərini gözləyirdi, amma o gəlib çıxmadı. Mustafayeva deyib ki, onun ərinin Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanda biznes əlaqələri ilə bağlı jurnalist araşdırmaları olub.
“Təbii olaraq, bu, prezident ailəsində hiddət yaradıb”, – o, bunu deyərək ərinin yoxa çıxmasını həmin jurnalist araşdırmaları ilə əlaqələndirib.
“Human Rights Watch” hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə direktoru Qiorqi Qoqia bəyanatda Muxtarlının yoxa çıxmasını Azərbaycan hökumətinin tənqidçilərinə qarşı amansız repressiyası kimi təsvir edib.
Agentlik qeyd edir ki, 100-ə yaxın aktivist və jurnalist Tbilisidə nümayiş keçirərək Muxtarlının oğurlanmasına necə yol verildiyinə dair Gürcüstan hökumətindən izahat tələb edib.
Gürcüstanın baş prokuroru İrakli Şotadze Əfqan Muxtarlının Azərbaycana necə çıxıb getdiyi ilə bağlı istintaqın artıq başladıldığını bildirib.
“Reuters” agentliyi yazır ki, 2015-ci ildən Gürcüstandan yaşayan araşdırmaçı jurnalist və siyasi aktivist Əfqan Muxtarlı itkin düşüb. Vəkili Elçin Sadıqov bildirib ki, o, Tbilisidə bir qrup insan tərəfindən oğurlanaraq Azərbaycana gətirilib və burda o, həbs edilib.
Yazıda bildirilir ki, hüquq-müdafiə təşkilatları Azərbaycan hökumətini müxalifləri susdurmaqda və siyasi rəqiblərini həbs etməkdə günahlandırır. Bakı ittihamları rədd edərək onun xalqının ifadə azadlığı və müxalif mediaya çıxış imkanından rahatlıqla yararlana bildiyini deyir.
Son illər Azərbaycanda bir çox siyasi fəal və jurnalist qanunsuz biznes fəaliyyəti, vergidən yayınma və xuliqanlıq ittihamları ilə həbs edilib. Onların vəkilləri ittihamları siyasi motivli hesab edir.
London mərkəzli “Amnesty İnternational” hüquq-müdafiə təşkilatı deyib ki, “Muxtarlı dərhal və qeyd-şərtsiz azad edilməli, işgəncə və pis davranışlardan qorunmalıdır”.
“Uzun müddətdir jurnalist və hüquq müdafiəçilərinə basqılarla tanınan Azərbaycanda bu, dərin reqressiyanın göstəricisidir. Görünür, Gürcüstan hökumətinin də Muxtarlının oğurlanması və məcburi Azərbaycana aparılmasında əli var”, – “Amnesty” bəyanatında qeyd edib.
İlkin
Oxunub: 100