Milli Şura Alxanlı vandalizmi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
4 iyul 2017-ci il tarixində Ermənistan Respublikası silahlı qüvvələri 24 ildir işğal altında saxladıqları Azərbaycan ərazisindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutmuş, nəticədə kəndin dinc sakinləri- iki yaşlı Quliyeva Zəhra Elnur qızı və onun nənəsi Quliyeva Sahibə İdris qızı öz həyətyanı sahələrində qətlə yetirilmiş, ailənin digər bir üzvü- Quliyeva Sərvinaz İltifat qızı ağır bədən xəsarətləri almışdır. Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, bu vandalizm aktı bilavasitə Ermənistanın yeritdiyi mülki əhaliyə qarşı kütləvi terror və soyqırımı cinayətləri ilə müşayiət olunan işğalçılıq siyasətinin nəticəsi, erməni silahlı qüvvələrinin vəhşiliyinin, Azərbaycanın mülki vətəndaşlarına qarşı qeyri-insani və qəddar davranışının daha bir nümunəsidir. Dinc sakinlərin atəşə tutulması, iki yaşlı uşağın və onun nənəsinin öldürülməsi Ermənistan işğalçılarının beynəlxalq hüquqa və hərbi əməliyyatlar zamanı dinc əhalinin qorunması haqqında beynəlxalq konvensiyaya məhəl qoymamasının növbəti əyani sübutudur. Milli Şura Alxanlı kəndində iki yaşlı uşağın qətlə yetirilməsini 1992-ci ildə Xocalıda törədilmiş qanlı hadisənin davamı kimi qiymətləndir. Uşaq qatilinə çevrilmiş Ermənistan siyasi rejimi bu vandalizm hərəkətləri ilə silahlı münaqişənin yeni qarşıdurma mərhələsinə keçməsi üçün münbit zəmin hazırlamaqla bölgəni yenidən qanlı savaşa təhrik edir.
Milli Şura təəssüf hissi ilə qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi bu vəhşiliklərin artıq 25 ildən çoxdur davamlı xarakter almasında beynəlxalq ictimaiyyətin, Ermənistanın üzvü olduğu və qarşısında öhdəliklər götürdüyü beynəlxalq təşkilatların, xüsusilə də, münaqişənin həlli üçün beynəlxalq mandata sahib olan ATƏT-in Minsk Qrupunun böyük məsuliyyət payı var. Minsk Qrupu nəinki münaqişənin həllinə, Qarabağın və Azərbaycan işğal olunmuş digər rayonlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına lazımi dəstək verə, hətta fəaliyyət göstərdiyi 25 il ərzində işğalçını öz adı ilə çağırmaq cəsarətini belə nümayiş etdirə bilməyib. Belə ki, son illlər ərzində qəbul olunmuş Avropa Parlamenti, AŞPA, Almaniya Bundestaqı, ATƏT Parlament Assambleyası sənədlərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ərtaf rayonlarının bilavasitə Ermənistan Respublikası tərəfindən işğal olunduğu açıq şəkildə göstərildiyi, Ermənistandan işğal faktına son qoyması tələb edildiyi halda, Minsk Qrupu hələ də işğalçının- Ermənistan Respublikasının siyasi-hüquqi məsuliyyəti barədə açıq danışmağa cəsarət etmir, təklif etdiyi bütün nizamlama paketlərində millətlərin öz müqəddəratını təyinetmə hüququni ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn baza prinsiplərilə eyniləşdirərək konfliktin mahiyyətinə kölgə salır, Ermənistanın işğalçılıq siyasətini pərdələməyə çalışır. ATƏT-in Minsk Qrupunun bu qeyri-konstruktiv mövqeyi son dövrlər daha çox həmsədrlərdən birinin- Rusiyanın qabarıq ifadə olunan anti-Azərbaycan və ermənipərəst davranışlarında özünü büruzə verir. İki yaşlı körpənin amansızlıqla qətlə yetirildiyi bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin iki dəfə ard-arda sərt və qeyri-diplomatik tonlu bəyanatla çıxış edərək erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfəri zamanı tətbiq olunan zəruri təhlükəsizlik tədbirlərini “vəhşilik” adlandırması, Azərbaycan dövləti qarşısında ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunması məqsədilə görülən bu qanuni tədbirlərin ləğv edilməsi tələbinin qoyulması başqa cür izah oluna bilməz. Bu, Azərbaycan dövlətinə açıq təzyiq və təhdid, Azərbaycan xalqına və vətəndaşlarına qarşı açıq hörmətsizlikdir.
Azərbaycanın strateji maraqlarına qarşı belə təhdidlərin yaranmasında Azərbaycan hakimiyyəti heç də beynəlxalq institutlardan az məsuliyyət daşımır. İlham Əliyev hakimiyyətinin cəbhə bölgəsində yaşayan dinc əhalinin təhlükəsizliyin etibarlı şəkildə təmin edə bilməməsi, 24 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində effektli addımlar ata bilməməsi, güclü iqtisadiyyat və ordu qururculuğu məsələlərilə məşğul olmaq əvəzinə korupsiyaya qurşanması və dünyanın müxtəlif bölgələrində ofşor şirkətləri vasitəsilə nəhəng biznes imperiyaları yaratması ərazisinin 20 faizi işğal altında olan bir ölkənin hökuməti üçün çox utancverici haldır. Yüzdən şox şəhidimizin qanı hesabına əldə edilən Lələ-Təpə və Cocuq-Mərcanlı uğuru üzərindən geniş özünüreklam və təbliğat kampaniyası aparan rejim, nədənsə cəbhə bölgəsində yaşayan vətəndaşlarımızın təhlükəsizliyini və normal güzaranını təmin etməyin məsuliyyətinə qatlaşmaq istəmir. Rusiyanın Azərbaycan dövlətinə qarşı belə aşağılayıcı davranışının mümkün olması da məhz Əliyev rejiminin öz xalqına münasibətdə qəddar, repressiv, qeyri-insani davranışının nəticəsidir. İctimai-siyasi institutları əzmək, vətəndaş cəmiyyətini məhv etməklə ölkədə vətəndaş müqavimətini, ictimai-siyasi təşəbbüsləri boğmağa yönəlik siyasət aparan Azərbaycan hakimiyyəti nəticədə xalqın etimadından məhrum olaraq beynəlxalq təzyiqlər, xüsusilə də, Rusiyanın təhdidləri qarşısında kövrək duruma düşüb. Əbədi hakimiyyət maraqları naminə öz azadfikirli vətəndaşlarına, siyasi opponentlərinə, vətəndaş cəmiyyətinə qarşı barışmaz düşmən mövqeyindən çıxış edən, torpaqlarımızın işğalında Ermənistanla birlikdə iştirak edən, Xocalı soyqırımını Ermənistanla birlikdə törədən, Ermənistanla birgə silahlı qüvvələr və müdafiə sistemi yaradan Rusiyanın imperiya şovinistləri qarşısında isə hətta ermənilərlə birlikdə şərab içmək nisgilini dilə gətirən və özünü Rusiyadan bu səviyyədə asılı vəziyyətə salan siyasi rejimin belə acınacaqlı duruma düşməsi başadüşüləndir.
Milli Şura iki yaşlı körpə və nənəsinin erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsini vandalizm aktı olaraq qiymətləndirin, beynəlxalq təşkilatlardan, ilk öncə, ATƏT-in Minsk Qrupundan bu fakta, eləcə də, Azərbaycan torpaqlarının Ermənistan Respublikası tərəfindən işğalı faktına adekvat siyasi-hüquqi qiymət verilməsini tələb edir.
Oxunub: 706