«Azərbaycanın dostları» düşmnçilik edirlər, yoxsa sıradan dələduzluq?
Ermənistan Ordusunun Füzuli rayonunun Alxanlı kəndinə açdığı artilleriya atəşləri nəticəsində iki yaşlı körpənin öldürülməsi kimi vəhşilik aktından sonra Azərbaycanda yerli mətbuat və eləcə də sosial şəbəkələr diqqəti haqlı olaraq bu faktın üzərinə cəmlədilər. Eləcə də, xarici mətbuatda bu fakt, kifayət qədər olmasa da, hər halda hansısa baxımdan, «işıqlandırıldı» demək olar. Beynəlxalq təşkilatların da ciddi reaksiyası oldu. Əlbəttə, bu da yetərli səviyyədə deyildi. Adekvat deyildi.
Elə həmin günlərdə Trend agentliyi Fransanın ünlü Le Monde qəzetinə istinadən bir xəbər yaydı. Xəbərdə deyilirdi ki, Le Monde erməni ordusunun bu vəhşiliyini ittiham edən bir böyük material dərc edib. Xəbər eynilə beləydi: “Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır”.
Trend-in məlumatına görə, bu barədə Fransanın nüfuzlu nəşrlərindən biri olan “Le Monde” qəzeti yazır.Məqalədə qeyd olunub ki, bu azyaşlı uşaq və onun nənəsi elan olunmamış müharibə şəraitində davam edən zorakılıq səbəbindən həlak oldular: “İnternetdə yayılan fotolar dəhşətlidir. Onların ölümü Ermənistanın açıq-aşkar təcavüzkar siyasətinin nəticəsidir”. Müəlliflər yazır ki, beynəlxalq ictimaiyyətin uzun illər davam edən laqeydliyi şəraitində bu gün Fransa münaqişənin həllində mühüm rol oynayır:“Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri qismində Fransa Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalı və hər şeyi etməlidir ki, Yerevan öz siyasətinə görə cəzalandırılsın”.
Biz Le Monde kimi nüfuzlu bir qəzetdə belə bir yazının dərc edilməsini müsbət qarşıladıq, eyni zamanda həmin yazını tapıb elə Le Monde-un linki ilə paylaşmaq istədik. Amma Le Monde- da sözü gedən yazını tapa bilmədik. Redaksiya ilə əlaqə saxladıq və belə bir materialın hansı səhifədə, hansı rubrikada dərc edildiyini öyrənmək istədik. Cavab bizi məyus etdi: «İl est très bizarre ce blog, pas un mot sur les auteurs, “Julie et Hélène”. Ça a l’air de quelque chose d’organisé, la plupart des articles sont faits pour défendre l’Azerbaïdjan ou le Qatar. Mais il y a des centaine de blogs hébergés par Le Monde, qui n’ont aucun lien éditorial avec la rédaction».
Yəni, «Çox qəribədir ki, Julia və Yelena adlı müəllifləri ilə birlikdə, bu, əsasən azərbaycan və Qatarın mövqelərini dəstəkləmək üçün qurulmuş bir bloqdur. Le Monde-un loqosu ilə tərtib edilən yüzlərlə belə bloq var və onların heç birinin Le Monde-un redaksiyasına dəxli yoxdur».
Deməli, vəziyyət belədir: Le Monde özünün loqosu və lemonde.fr keçidi ilə bloq qurmaq istəyənlər üçün pullu xidmət təklif edir. Daha doğrusu, loqosunu və keçidini satır. Bu, mimlər üçünsə prestijdir, amma əslində Le Monde-a heç bir dəxli yoxdur. Azərbaycanın kifayət qədər ciddi xəbər agentliyi olan Trend-ə isə kimlərsə bunu Le Monde-da yayılmış bir yazı kimi təqdim edib, amma görünür, Trenddəki həmkarlarımız da sözü gedən yazının Le Monde qəzetinin saytındakı linkini tapa bilmədikləri üçün onu mətnə əlavə etməyiblər.
Sözü gedən bloqu isə, görünüşə görə, Fransada «Azərbaycanın dostları» adlı Cəmiyyətin sədri olan deputat Jean François Mancel yaradıb, ya da hər halda, onun rəhbərlik etdiyi təşkilatdan kimsə. (http://juliepravot.blog.lemonde.fr/2017/05/05/jean-francois-mancel-ce-8-mai-noublions-pas-choucha/).
Bu cənab deputat Jean François Mancel-in Azərbaycan hakimiyyəti ilə hansı əlaqələrinin olduğu, fəaliyyətinin hansı motiv və ya stimullar üzərində qurulduğunu bilmirik, amma belə bir faciə üzərindən belə bir informasiya dələduzluğunun qurulmasını alqışlamırıq. Bu, yaxşı hərəkət deyil.
azadliq.info
Oxunub: 620