Yaxın gələcəkdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrinin adları açıqlanandan sonra, ölkə başçısı üç böyük təhsil ocağına – Azərbaycan Dillər Universitetinə, Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə də bu statusun verilməsi haqqında sərəncam imzaladı. Əslində, keçən il ölkədə “Publik hüquqi şəxslər haqqında” qanun qəbul olunsa da, “publik hüquqi şəxs” doktrinası Azərbaycan üçün yeni anlayışdır. Başqa bir tərəfdən, tibb və təhsil ölkədə ən çox rüşvətə bulaşmış sahələr olduğuna görə, bu status məsələsi ilə bağlı insanlarda haqlı olaraq suallar yaranır. Müəssisələrə bu statusun verilməsi hansı zərurətdən doğur, bundan onların və insanlarımızın qazancı nə olacaq? Avropa ölkələrində bu, özünü, sözün əsl mənasında, doğrultmuş bir doktrinadır. Bu ölkələrin çoxunda uşaq bağçaları, məktəb və universitetlər, dövlətə məxsus tibb klinikaları, böyük korporasiyalar, Almaniyada dəmir yolu korporasiyaları, Fransada mərkəzi banklar da publik hüquqi şəxs statusuna malikdir. Amma bu, Azərbaycan mühitində özünü doğrulda biləcəkmi?
Əvvəlcə, qəbul olunmuş qanunda məlum terminin tərifinə baxaq: “Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.” Qanunun qəbulu və müəssisələrə bu statusun verilməsi zərurəti ilə bağlı hökumətin mövqeyi Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin müsahibəsində belə ifadə olunur:
“İcra hakimiyyəti orqanları qanunla təsərrüfat idarəçiliyi ilə məşğul olmaq, gəlir götürmək və pullu xidmətlər göstərmək səlahiyyətinə malik deyillər. Bu səbəbdən dövlət onlardan gəlir götürmək məqsədilə heç bir ödəniş tələb edə bilməz. İqtisadiyyatsa inkişaf edir və bunun nəticəsində yaranan bir sıra yeni dövlət və mərkəzi icra hakimiyyəti orqanları dövlətin adından əhaliyə pullu xidmətlər göstərmək məcburiyyətində qalırlar… Bu halda çıxılmaz vəziyyət yaranır. Çünki belə götürdükdə pullu xidmət göstərən dövlət strukturlarının adi hüquqi şəxs statusu olmalıdır… Publik hüquqi şəxs doktrinası məhz qarşıya çıxan bütün hallarda bu problemlərin qanuni həll yoludur… Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə və özünü maliyyələşdirə bilər. Eyni zamanda, zərurət olduqda onun büdcədən maliyyələşməsi də mümkündür…Göründüyü kimi, bu qanunun tətbiqi çərçivəsində publik hüquqi şəxs hesab edilən mərkəzi icra və dövlət orqanları yeni imkanlar və əlavə imtiyazlar qazanır. Həmin imkan və imtiyazlardan istifadə isə həm belə müəssisə və təşkilatların maliyyə vəziyyətlərinin yaxşılaşmasına, həm də dövlət büdcəsinin yükünün azalmasına xidmət edir.”
Universitetlərə publik hüquqi şəxs statusu verilməsi ilə idarəetmə sistemi də dəyişəcək. Orda rektordan üstün, yuxarı səlahiyyətli Qəyyumlar Şurası fəaliyyət göstərməyə başlayacaq. Müəyyən məsələ ilə bağlı Qəyyumlar Şurası qərar verdikdən sonra rektor o qərarı imzalamaq səlahiyyətinə malik olacaq. Maliyyə məsələlərinə isə ayrıca Şura baxacaq. Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev deyir ki: “Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq. Yoxsa ki, mono-idarəçilikdə rektor təkbaşına qərar qəbul etmək səlahiyyətinə malikdir. Ola bilər bu qərarlar ali təhsil müəssisəsinə zərər versin. Amma birgə, məsləhət-məşvərət əsasında qəbul olunan qərarlar zərərdən demək olar, sığortalanır. “ Ə. Ağayevə görə də, publik hüquqi şəxs statusu ali təhsil müəssisələrinə bir çox üstünlüklər verəcək, universitetlərin öz təsərrüfat sahələri, laboratoriyaları olacaq, layihələrdə iştirak edəcəklər, layihələr irəli sürəcəklər və gəlir əldə olunacaq. Bu, müəllimlərin əmək haqlarına da müsbət təsir edəcək, təhsil müəssisəsinin maddi-texniki bazasının yaxşılaşmasına, möhkəmlənməsinə də.
Statusla bağlı tarixçi alim Dilavər Əzimlinin mövqeyi isə tam fərqlidir: “Məsələnin kökündə nə dayanır: İslahatlar. Dünyada gedən proseslər bir çox sahələrdə yeni islahatları ortaya qoyur. Amma islahatların getməsi üçün zəruri olan şərtlər yerinə yetirilməlidir. Bu sistem özlüyündə normal sistemdir və müəssisələrdə sərbəstliyi gücləndirir. Amma Azərbaycanda bunun həyata keçməsi mexanizmi necə olacaq? Bax, sual da burada yaranır. Bu cür islahatların həyata keçməsi demokratik cəmiyyətlərdə çox asan olur. Rüşvətin, korrupsiyanın tüğyan etdiyi cəmiyyətlərdə isə bu cür islahatlar sonadək gedə bilmir, yarımçıq qalır, müəyyən qüvvələrin təsir altına düşür. Vaxtilə, İctimai televiziya yarananda hamımız sevinirdik. Amma o zaman da verdiyim açıqlamada İctimai televiziyanın bizim kimi cəmiyyətlərdə işləmə mexanizminin olmadığını demişdim. Elə də oldu. Bu gün İctimai televiziyamız nə gündədir? Orada fəaliyyət göstərən Şuranı İctimai televiziyanın rəhbəri belə saya saymır. Ondan yuxarı vəzifəlilər üçünsə bu Şura yalnız arada toplaşıb fon yaratmaqdan ibarətdir. Hesab edirəm ki, publik hüquqi şəxs statusu da belə olacaq. Universitetlərdə fəaliyyət göstərəcək Şuralar onların rektorlarına təsir edə biləcəklərmi? Bu gün həmin rektorların əksəriyyəti özlərini prezident kimi aparırlar. Doğrudur, bu, kağız üzərində baş verəcək. Amma həyata keçirilmə mexanizmi çətin ki, işləyə… Bu cür islahatlar yalnız cəmiyyətin demokratikləşməsindən sonra işləyə bilər. Bu gün bizdə “Bələdiyyələr haqqında” Qanun ən ədalətli qanundur. Amma bu ölkədə bələdiyyə fəaliyyəti hiss olunurmu? Onlar İcra strukturlarının əlavəsinə çevriliblər. Demək, universitetlərdə yaranacaq həmin Şuralar da rektorların təsiri altında olacaq. Çünki bu gün həmin rektorlar güclü himayəçilərə malikdirlər. Amma ölkəmizdə normal demokratik seçkilər keçirilərsə, qanunlar işləyərsə, bu cür islahatlar işləyəcək və cəmiyyət də faydalanacaqdır.”
Tarixçi alimin mövqeyindən baxsaq, məsələ laxlayan bünövrə üzərində dəbdəbəli imarət ucaltmaq cəhdinə bənzəyir. Demək ki, imarətin tikintisinə başlamazdan öncə bünövrəni bərkitmək lazımdır…
Səadət
Oxunub: 888