Ailə üzvlərinin məhkəməsinə buraxılmayanlar etiraz etdi; məhkəmə önündə huşunu itirən oldu
Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin yaşadığı qəsəbədə elektrik enerjisinin kəsilməsinə rayon icra hakimiyyətinin qarşısında etiraz etdiklərinə görə həbs olunan beş nəfərin – Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərovun işi üzrə məhkəmə istintaqı başlayıb. Onların işinə Cəbrayıl Rayon Məhkəməsinin hakimi Təranə Hüseynovanın sədrliyi ilə, amma İmişli Rayon Məhkəməsinin inzibati binasında baxılır.
İş üzrə 25 nəfər zərərçəkmiş qismində tanınıb ki, onların da 23-ü polislər, ikisi də icra hakimiyyətinin işçiləridir. İddia olunur ki, işığın kəsilməsinə etiraz edən məcburi köçkünlər onlara zərər vurublar, xəsarət yetiriblər.
İyulun 14-də keçirilən məhkəmə iclasına təqsirləndirilən şəxslərin yaxınları, jurnalistlər buraxılmadı. Səbəb kimi isə zərərçəkmişlərin sayının çoxluğu, məhkəmə zalında yer olmaması göstərildi. Bu da ailə üzvləri həbsdə olan məcburi köçkünlərin narazılığına səbəb oldu. Hətta yaranmış gərginlikdə səhhəti pisləşən, bayılan da oldu. Təqsirləndirilən İlkin İsgəndərovun bacısı Gülnarə İsgəndərovada qıcolma yarandı. Onu ətrafdakıların müdaxiləsi ilə ayıltmaq mümkün oldu.
Təqsirləndirilən şəxslərdən Cəlal Quliyevin vəkili Bəhruz Bayramov məhkəmədə vəsatət qaldıraraq bildirib ki, bu məhkəmə prosesi açıq keçirilir və deməli, hər kəs orada iştirak edib, məhkəmənin gedişini izləmək hüququna malikdir. Amma təqsirləndirilən şəxslərin öz ailə üzvləri belə, məhkəməyə buraxılmır. Bundan sonra hər təqsirləndirilənin iki qohumunun zala buraxılmasına imkan yaradılıb.
Bəhruz Bayramovun daha bir vəsatəti hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, məhkəmənin hökmünə qədər onun ev dustaqlığına buraxılması haqda olub. Amma hakim bu vəsatəti təmin etməyib.
Məhkəmədə təqsirləndirilən şəxslər və zərərçəkmiş qismində polislər ifadə veriblər.
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar heç kimə daş atmadıqlarını, kimsəyə xəsarət yetirmədiklərini deyiblər. Bununla belə, “gərək icra hakimiyyətinin qarşısına getməyəydik”, – deyə əlavə ediblər.
Təqsirləndirilən Gülağa Əliməmmədov Qarabağ əlili, həmçinin YAP üzvü olduğunu hakimin diqqətinə çatdırıb.
Polislərin əksəriyyəti onlara kimin xəsarət yetirdiyini görmədiyini deyib.
Məhkəmə iyulun 19-da davam edəcək.
Xatırladaq ki, hadisə 2016-cı il dekabrın 22-də baş verib. Məcburi köçkünlər Cəbrayıldan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub.
İstintaq orqanı iddia edir ki, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, aksiya iştirakçılarından da xəsarət alanlar var və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.
Qəsəbədə yaşayan Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərova CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.
azadliq.info
Oxunub: 456