Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun açıqlanmış var-dövlətini sadalamaq fikrində deyiləm. Ümid edirəm ki, oxumusunuz. Tağı Əhmədova MTN-də kuratorluq etmiş və fəaliyyətini araşdırmış Akif Çovdarov onun dövlət vəsaitlərini talan edərək qazandıqlarının 200 milyon dollardan artıq olduğunu deyir.
Açıqlanan məlumatlar təkcə Tağı Əhmədovu deyil, bütövlükdə rejimi ifşa edir. Ölkədəki korrupsiyanın miqyası haqda daha geniş təsəvvür yaradır.
Tağı Əhmədov hadisəsi hakim partiya olaraq YAP-ı ürəyindən vurdu. Sübut etdi ki, YAP özü də korrupsiya sisteminin bir parçasıdır. Belə ki, Tağı Əhmədov sadəcə məmur deyil, YAP Yasamal rayon təşkilatının sədridir. YAP-da Tağı Əhmədov kimi 80 nəfər rayon təşkilatı sədri var. Bu hələ rayon təşkilatı sədridir, talan etdiyi var-dövlət 200 milyon dollar qiymətləndirilir. Bu halda YAP Siyasi Şurasındakı, İdarə Heyətindəki miqyası təsəvvür edin.
Tağı Əhmədov ölkənin ən kasıb təşkilatlarından birinə – Metropolitenə rəhbərlik edirdi. Tağı Əhmədov bu 200 milyon dolları 5 qəpiklərlə, mağazalardan icarə pulları və s. çətinliklərlə )) toplayıb. İndi siz ölkənin neftinə, qazına, qızılına, banklarına, enerjisinə, suyuna, çörəyinə, aviasiyasına, vergisinə, gömrüyünə, büdcəsinə və s. rəhbərlik edənlərin taladıqlarının miqyasını təsəvvür edin. Çətin oldu təsəvvür etmək?
Açıqlanan materialda deyilir ki, Tağı Əhmədovun 1200 ticarət obyektindən pulları hakim işləyən oğlu toplayırmış. İndi bildiniz ki, nәyə görə məhkəmələrdə ədalət yoxdur? 1200 ticarət obyektinə baxan hakim ədalət haqda düşünər, siyasi tapşırıqdan kənara çıxmağa cəsarət edər?
Açıqlanan materiala görə, Metropoliten üçün vaqonların dəyərindən 3-4 dəfə baha qiymətə təmirilə Tağı Əhmədovun XİN-də işləyən “diplomat” oğlu məşğul imiş. Həmin “diplomat” oğul Tağı Əhmədovun 58 milyon dolarını ofşor hesablara köçürdüb. Həmin pullarla Dubayda mehmanxana, restoran və mağazalar alınıb. İndi özünüz düşünün, bu ölkənin diplomatı ofşor hesablara pul daşımaqla, həmin pullarla Dubayda, İstanbulda, Moskvada obyektlər almaqla məşğuldursa, onun yadına “Qarabağ həqiqətlərini yaymaq” düşər, birdən təsadüfən düşsə, buna vaxtı olar? Ölkənin XİN-nin vəziyyətini təsəvvür edirsiniz?
Nəhayət, Tağı Əhmədovla bağlı açıqlamanın ən əhəmiyyətli hissəsi budur: “Tağı Əhmədovun mənimsəmələrindən dövlət rəhbərliyi də məlumatlı idi… Bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın.” Aydındır? İndi bildiniz ki, bu oğrular nәyə görə belə cəsarətlə ölkənin sərvətlərini talan edirlər? İndi bildiniz ki, maliyyə və ya siyasi xəyanət )) edənə qədər nәyə görə cinayətkar soyğunçuluqlarını davam etdirə bilirlər?
Oxunub: 1874