Həqiqətən də aparatlar jetonlara “torba tikirmiş”
YAP hakimiyyəti bütün parametrlərə görə bənzərsizdi. Dünyanın bütün hökumətləri YAP hakimiyyətindən nümunə götürə bilər. Yəni, bu səhvləri, bu dəhşətləri, bu yarıtmazlıqları təkrarlamamaq üçün YAP hakimiyyənin fəaliyətindən dərs çıxarmaq lazımdı. Korrupsiyanın, qanunsuzluğun, acgözlüyün ölkəni hansı vəziyyətə sala biləcəyini YAP hakimiyyəti bütün dünyaya nümayiş etdirib. Bugünə qədər hansısa YAP məmuru xeyriyyəçiliyi ilə, vətən və xalq sevgisiylə, sadə həyat tərziylə, halal işləməsiylə gündəmə gəlməyib. Hansı məmurun cibini sirkələyiblərsə, milyonlar tökülüb. Talamaq, dağıtmaq qabiliyyəti olamayan adamlar yüksək postlara gətirilməyib. Çünki, mənimsəmək bacarığı olmayan adam daha yuxarılara “hədiyyə” göndərə bilməz. Və ya lazım olan qədər göndərə bilməz.
Son olaraq keçmiş Metropoliten şefi, hazırda YAP Yasamal şöbəsinin sədri olan Tağı Əhmədov gündəmi zəbt etdi. Keçmiş MTN generalı Akif Çovdarov sandığı açıb, pambıqları ortaya tökdü. Məlum oldu ki, yeraltı dünyanın kralı yerin üstündə “xarüqə”lər yaradıbmış. Tağı müəllim banklarda 21 milyon dollar pula, şadlıq evlərinə, dükanlara, villalara və digər sərvətlərə sahib imiş. Amma ən maraqlısı bu deyil. Yuxarıda da qeyd etdiyimiz kimi bu hökumətdə mənimsəməyənə, milyona təpik atmayana pis baxırlar. Ən maraqlısı budur ki, məhkəmədə aparatların jetonlara torba tikməsi də etiraf olunub. Aparatlar elə quraşdırılıbmış ki, 5 qəpiklər “arxa cib”ə düşürmüş. Amma məsələnin daha maraqlı tərəfi də var. Hamıya məlumdur ki, Tağı Əhmədov “Azadlıq” qəzetini məhkəməyə vermişdi və “ədalət məhkəmə”sinin qərarıyla 30 min manat təzminat almışdı. Çünki, “Azadlıq” qəzetində “Tağı Əhmədov 5 qəpikləri necə mənimsəyir” başlıqlı məqalə dərc olunmuşdu. Tağı müəllim bu yazını şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirmişdi və qəzeti bu arqumentlə də məhkəməyə vermişdi.
Bəli, Azərbaycanda azad sözün sonuncu qalası olan, əməkdaşları aylarla maaş almayan, sadə vətəndaşın təmənnasız üz tuta biləcəyi “Azadlıq” qəzetinə Tağı müəllim də öz zərbəsini endirib. Bugün üzə çıxan var-dövlət də sübut edir ki, Tağı müəllimin 30 min manata ehtiyacı yox imiş. Sadəcə olaraq azad sözü boğmaq, hökumətin xoşuna gəlmək, yıxılana balta çalmaq üçün belə bir addım atıb. Amma həmin Tağı Əhmədovdan xidmət etdiyi hökumətin generalları 3 milyon rüşvət alıblar və bugün də həmin generallar onun “parıltılı” fəaliyyətinə işıq salmağa davam edir.
Bir sözlə, Akif Çovdarovun etirafları da göstərir ki, “Azadlıq” qəzeti yazdıqlarında haqlı imiş və qəzetə cərimə ödətdirilməsi qanunsuz imiş. Əlbəttə ki, bu qanunsuzluq məhkəməyə də, hökumətə agah idi. Belə çıxır ki, Tağı Əhmədov “Azadlıq”dan da 30 min manat oğurlayıb və bu oğurluq “tarixi oğurluq” statusunu qazanıb.
Samir
Oxunub: 836