Bu gün AXCP-nin 28 yaşı tamam olur. AXCP müsibətlərin, labrintlərin, xəyanətlərin, məhrumiyyətlərin əhatəsində 28 yaşına da diri gəldi. Bu partiya haqqında çox sözlər deyildi və deyilməkdədi. Bu partiyaya müxtəlif adlar yapışdırmağa çalışdılar və hələ də cəhd edirlər. Narkoman, xuliqan, ermənipərəst, vətən xaini, qaraguruh, zombi… dedilər, amma zaman göstərdi ki, AXCP qara ləkə götürmür. AXCP bütün bu adları ləyaqət savaşı apardığına görə qazandı.
Səngəri yarımçıq qoyanlar, əqidədaşlarına arxadan bıçaq sancanlar, vicdanını “obort” elətdirənlər əlbəttə ki, şərəfli yolun dönməz yolçularını sevməzlər. Cəbhəçilər bu illər ərzində nə qədər Yastı Salmanlar, Yalıncıqlar, Qurd Cəbrayıllar, Yarməmmədlər gördülər. Nə qədər gül atdıqları adamlardan, daş qəbul etdilər. Amma yorulmadılar, usanmadılar. Cəbhəçilər yıxılanda yerdə qalmaq üçün bəhanə axtarmadılar, yenidən ayağa qalxa bilmək üçün vasitə axtardılar.
Obyektiv, vicdanlı adamlar etiraf edər ki, cəbhəçilik fantastik reallıqdır. Bəli, fantastik filmlərin qəhrəmanları bütün təlatümlərdən sağ çıxdığı kimi, cəbhəçilər də fantastik görünən səhnələrin real qəhrəmanlarıdı. Nə qədər güllələsələr də, nə qədər bombalasalar da cəbhəçilər “yola davam” deyir. Artıq partiya standartları unudulub. AXCP ümummilli təşkilata çevrilib. Kimin burnu qanasa, kimin haqqı tapdansa, cəbhəçilər “biz səninləyik” mesajı verir. Cəbhəçilərin şəxsi maraqları, xalqın maraqları qarşısında təslim olub.
Cəbhəçilər vicdanlarına yamaq vurmağı yox, yamaqlı ayaqqabı geyməyi üstün tutdular. Zülmün qarşısında nazilməkdənsə, şaxtalı havada nazik geyinməyə qatlandılar. Bugün partiya rəhbərliyinin yarısı zindandadır, ölkənin ən böyük siyasi təşkilatının kiçik ofisi də yoxdur, faktiki olaraq vu təşkilata qarşı düşmən kimi davranılır.
AXCP “el üçün ağlayanın gözü kor olar” məsəlinə arxa çevirib, “el gücü, sel gücü” deyiminə inanıb. Bu gün bir dövlətin güclənməsi, bir xalqın xoşbəxtliyi, dəyərlərin yaşaması naminə gözsüz qalmağı gözə alanların günüdür. Bəlkə də yazdıqlarımı qeyri-təvazökarlıq, pafos kimi qəbul edənlər də olacaq. Amma Fuad Əhmədli məhkəmədə “mənim üçün ən müqəddəs and cəbhəçi şərəfidir” söylədi. Bu pafos deyildi, bir gəncin düşüncəsiydi. Cəbhəçilik missiyadı, hamının vicdanı qarşısında and içib, yola çıxdığı missiyadır. Ağ günlər uğrunda döyüşən cəbhəçiləri qaraguruh adlandıra bilərlər, köləlik zəncirini zalımın başına vurmaq istəyənləri zombi kimi təqdim edə bilərlər. Amma real mənzərə budur ki, cəbhəçilik qürur, iradə, qətiyyət, qorxmazlıqla sinonimləşib.
Bu gün cəmiyyətə ləyaqətlə yaşamağın reseptini təqdim edən hər kəsin günüdür. Bu gün diri qalmağı bacaranların günüdür. Mənəvi baxımdan ölmüşlər, bu diriliyin qiymətini dərk etməzlər. 28 yaşın mübarəkdi. Bu ömrün hər yaşı yubileydi. Bu ömrün hər yaşı əsrdən böyükdü.
Sən qalib gələcəksən!
Oxunub: 622