Həbsdə olan MTN generalı, nazirliyin Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov bu gün məhkəməsində “Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri, onun işi üzrə zərərçəkmişlərdən biri olan Tağı Əhmədov haqda inanılmaz faktların üstünü açıb. Çovdarov Tağı Əhmədovun milyonlarla mənimsəməsindən tutmuş, Azərbaycandakı, Dubaydakı çoxsaylı obyektlərinə, mülklərinə qədər çox məsələlərdən danışıb.
O bildirib ki, Tağı Əhmədovun əməllərinin üstü dövlət rəhbərliyinin göstərişi əsasında aparılmış araşdırmalarla açılıb. Buna da səbəb metro çıxışlarındakı obyektləri icarə əsasında işlədən vətəndaşların etiraz aksiyası olub.
“Metroya elə aparatlar quraşdırılıb ki, hər 4 jetondan birini qeydə almır”
“Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov mənə zəng eləyib dedi ki, obyektləri icarə əsasında işlədən adamlar metroya girişi bağlayıblar, etiraz askiyası keçirirlər. Məsləhət gördüm ki, polisə xəbər versin. Dedi ki, polisə deyilib, bacarmırlar. Baş verənlər haqda nazirliyin rəhbərliyinə məruzə elədim. Bu məsələ daha sonra ölkə rəhbərliyinə məruzə olundu. Göstəriş verildi ki, araşdırılsın. Araşdırmamız zamanı məlum oldu ki, stansiyaların çıxışında ümumilikdə 1200 obyekt var və onlardan ayda 200 dollardan 3 min dollara qədər icarə haqqı alınıb. Üç aylıq icarə də əvvəldən alınıb. Amma iş elə gətirib ki, Tağı Əhmədov vəzifədən çıxarılıb və Zaur Hüseynov gələn kimi obyektlərin yığışdırılmasına göstəriş verib. Pullsr batıb. Adamlar o pulları tələb edirdilər. Həmin ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü.
Tağı Əhmədov burada ifadə verəndə deyir ki, dövlətə icarədən gələn pulları ödəyib – illik 120 min. Belə çıxır ki, 1200 obyektin hərəsini aylıq 8 manat 50 qəpik olub. Belə yalan olar? Adamlardan alınan təkcə üç aylıq icarə haqqı 5 milyondan çox idi.
Bu məsələ ölkə rəhbərliyinə çatdırıldı. Ardınca metro ilə bağlı araşdırma aparıldı. Üzə çıxdı ki, metro stansiyalarında aparatlar elə qurulub ki, hər dörd jetondan biri qeydiyyatdan keçməyib. Bunun nəticəsində Tağı Əhmədov ayda 300 min pulu öz cibinə qoyub.
İşlənmiş vaqonları təzə adı ilə dövlətə 11 milyona “sırıyıb”
Üzə çıxartdıq ki, Moskvadan işlənmiş vaqonları alıb, “kraskalayıb”, təzə vaqon adı ilə rəsmiləşdirib və bununla da dövlətin 11 milyondan çox pulunu cibinə qoyub.
Metropolitenin “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi.
Bütün bu faktları üzə çıxarandan sonra Tağı Əhmədovun əmlakları ilə bağlı araşdırma aparmağa başladıq. İndi hələ yadımda qalanları deyəcəm: metronun “Sahil” stansiyasının üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsi ilə üzbəüzdə “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda ticarət mərkəzi…
Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablara köçürməklə ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb.
Moskvada metro çıxışında 5 milyona 120 kvadrat metrlik dükan alıb, icarəyə verib.
Tağı Əhmədovun banklarda 21 milyon pulu…
Tağı Əhmədovun bankda da külli miqdarda pulu üzə çıxdı. Təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub. Bu bank bağlananda oradan 9 milyonu çıxarıb ofşora köçürdü. Qalan 4 milyonu da müxtəlif qohumlarının adına köçürmüşdülər. Həmin adamlar da pulları çıxarıb oğlu Ruslan Əhmədova əlbəəl vermişdilər. Bu haqda videogörüntülər də var. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.
Akif Çovdarovun sözlərinə görə, Baş Prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxlayıb, aşkarlanan faktlar haqda onları da məlumatlandırıb. Həmin şəxs ona belə cavab verib: “Dedi ki, “bu, bombadı, partlaya bilər, qoy özündə qalsın”. Dedi ki, “sən o materialları bizə göndərsən, gərək qeydiyyata salaq”. Bu zaman üzə çıxa bilərdi deyə, istəmədilər”.
Dövlət rəhbərliyi və prokurorluq da bunları bilirmiş…
Bu məqamda məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, prokurorluqda Tağı Əhmədov haqda heç bir araşdırma aparılmayıb.
Akif Çovdarov ona belə cavab verib: “Bəs sən məndən niyə soruşmursan ki, prokurorluqda danışdığım yüksək vəzifəli şəxs kim olub?”
Prokuror cavab verməyib və Çovdarov davam edərək bildirib ki, Tağı Əhmədovdan hədə-qorxu ilə 3 milyon alması yalandır: “Nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi. Rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, hədiyyə etsinlər. Mən əməkdaşımız Rəsul Rəsulova dedim ki, get, Tağıyə de, lazım olsa, nazir müavininin adından rəsmi məktub da yazarıq. Onda Tağı demişdi ki, 3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiniz. Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə bu məsələnin üstünə getmədik.
Tağı Əhmədovun mənimsəmələrindən dövlət rəhbərliyi də məlumatlı idi. Ona görə də mənə 3 yox e, lap 15 milyon da versəydi, mən ört-basdır eləyə bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O adam metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu. Əməkdaşımız xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın.
“Tağı Əhmədovun oğlu adam öldürmüşdü”
Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb, sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan Əhmədov içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub mənim əleyhimə yalan ifadə verdi”.
azadliq.info
Oxunub: 2138