“Aİ-92” markalı avtomobil benzinin şirkətdaxili tarifi 55,44%, topdan satış tarifi 33,13%, pərakəndə satış tarifi 28,57% bahalaşdırılıb.
İlk növbədə qeyd edim ki, Tarif Şurasının dünən qəbul etdiyi 8№-li Qərar əsası olmayan və yersiz qərardır. Nə üçün?
Ona görə ki, ölkədə benzin istehsalı 11,3% artsa da (yanvar-may), benzin istehlakı 5,5% (yanvar-mart) azalıb. Deməli, bazarda bu məhsula olan tələbin azalmasına baxmayaraq, təklif göstəricisi artıb. Elementar iqtisadi təhsili olanlar da başa düşə bilər ki, belə bir şəraitdə qiyməti artırmazlar! Əksinə, ucuzlaşdırarlar! Ucuzlaşdırarlar ki, satışın həcmi artsın. Satış artmalıdır ki, mal anbarlara yığılmasın. Bu yolla həm əlavə itkilərin qarşısı alınar, həm də istehsalda tempin aşağı düşməsinə yol verilməz. Anlaşılan budur ki, benzinin qiymətini bahalaşdıranlar bu elementar gerçəyi və məntiqi nəzərə ala bilməyiblər (bəlkə də nəzərə almaq istəməyiblər). Əhalinin alıcılıq qabiliyyətinin, müəssisələrin (sahibkarların) maliyyə durumunun hazırkı şəraitdə çox pis olmasını da buraya əlavə etsək, o zaman bu Qərarın nə dərəcədə əsassız və yersiz olması rahat təsəvvür olunar.
Qərar hansı nəticələr yaradacaq?
İlk növbədə sərnişinlər, yükdaşıma xidmətindən istifadə edənlər daha çox xərcləmək məcburiyyətində qalacaq. Nəqliyyat xərcləri artacaq və bu hesaba mal, iş və xidmətlər də bahalaşacaq. Nəzərə almaq lazımdır ki, qərarın qəbul olunduğu günədək ölkədə ərzaq 18,1%, qeyri-ərzaq 12,4%, xidmətlər isə 9,4% artmışdı. Qərar bu bahalaşma səviyyəsini daha da yüksəldəcək. Qərar növbəti mərhələdə dizelin, təbii qazın, suyun, benzinin digər növlərinin bahalaşmasına zəmin hazırlayacaq və daha böyük bahalaşmaya yol açacaq. Bahalaşma tempi ilə ayaqlaşa bilməyən əhalinin sosial vəziyyətini, nəqliyyat xidmətlərindən istifadə edən çoxsaylı sahibkarların maliyyə durumunu pisləşdirəcək və bu da ümumi hesabda ölkədə iqtisadi fəallığa mənfi təsir göstərəcək.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 676