Namaz qıldığına görə 3 il həbs cəzası alan ilahiyyatçının vəkilləri dövlət orqanlarına müraciət etdi: “Bu absurd qadağanı aradan qaldırın!”
Masallıda məsciddə xütbə oxuduğuna və namaz qıldığına görə 3 il həbs cəzası alan ilahiyyatçı Sərdar Babayevin vəkilləri – Yalçın İmanov, Cavad Cavadov, Nemət Kərimli və Osman Kazımov dövlət orqanlarına müraciət ediblər. Vəkillər müraciətin səbəbini və istəklərini bu gün keçirdikləri mətbuat konfransında açıqlayıblar. Bu ilin fevralında həbs edilən Sərdar Babayev xaricdə dini təhsil almış şəxsin Azərbaycanda dini ayin və mərasim aparmasını qadağan edən CM-nin 168-1.1.3 maddəsi ilə məhkum olunub. Vəkillər ilahiyyatçının namaz qılmağa, xütbə oxumağa görə həbsinin qanunsuz və əsassız olduğunu söyləməklə yanaşı, həm də bu maddənin özünün absurd olduğunu vurğulayıblar. Ona görə də dövlət orqanlarına müraciətlərində qanunsuz olaraq, həbsdə saxlanılan ilahiyyatçının azadlığa buraxılması ilə yanaşı, həm də bu maddənin qanundan çıxarılmasını istəyirlər.
“Bu qadağa Nardaran hadisələrinin davamı idi”
Vəkil Yalçın İmanov deyir ki, Azərbaycan Konstitusiyasına da, ölkənin qoşulduğu Avropa Konvensiyasına da aşkar zidd olan bu maddə 2015-ci ilin dekabrında qanuna əlavə olunub. Bu da 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş, altı nəfərin ölümünə, ilahiyyatçı Taleh Bağırzadə və onllarla tərəfdarının həbsinə, işgəncəyə məruz qalmasına səbəb olan əməliyyatdan dərhal sonraya təsadüf edir: “Bu maddənin qanuna əlavə olunması təsadüfi deyildi. Bu həm də Nardaran hadisələrinin davamı idi. Məqsəd də xüsusən hökuməti tənqid edən din adamlarının susdurulmasıdır. Bu maddə xaricdə dini təhsil almış adamların dini ayin və mərasimləri icra etməsini qadağan edir. Xaricdə dini təhsil nə vaxtdan lisenziyalı fəaliyyət olub? İstənilən adam xaricdə hüquq, tibb təhsili kimi, dini təhsil də ala bilər. Üstəlik, Azərbaycan Konstitusiyasının 48-ci maddəsində birbaşa yazılıb ki, əgər dini ayin və mərasimlər ictimai qaydanı pozmursa, ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Biz məhkəmədə aydınlaşdıra bilmədik ki, məsələn, dəfn mərasimində cənazə namazının qılınması dini ayindirmi?”
Sərdar Babayevin namaz qılmasına görə 3 il həbslə cəzalandırıldığını deyən vəkil məhkəmənin çoxsaylı qanun pozuntuları ilə keçdiyini, müdafiə tərəfin vəsatətlərinin təmin olunmadığını bildirib. Yalçın İmanov əlavə edib ki, hər hansı əməlin cinayət hesab olunması üçün onun ictimai təhlükəli nəticəsi olmalıdır. Sərdar Babayevin əməlində isə heç bir ictimai təhlükə yoxdur.
“Hökumət regionlarda nüfuzlu adamların olmasını istəmir”
Digər vəkil Nemət Kərimli xatırladıb ki, sonradan qanunun bu müddəasına “Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmadan” əlavəsi edildi. Yəni qadağa bu idarənin razılığı olmadan xaricdə dini təhsil alanlara aiddir. Müdafiəçi yada salıb ki, Sərdar Babayevin özünü də məscidə məhz Qafqaz Müsəlmanları İdarəsinin Mirqiyas adlı qazisi dəvət edib. Amma nədənsə, bu cür məqamlar nəzərə alınmayıb: “Bu maddə təhlükəlidir. Əvvəl din adamlarını silah, narkotik atıb tuturdular, indi də bu maddədən istifadə edirlər. Hökumət sanki regionlarda müstəqil fikirli nüfuzlu adamların varlığından çəkinir. Ona görə də onları təcrid edir”. Vəkil Osman Kazımov deyir ki, Sərdar Babayevi namaz qıldığına görə üç il azadlıqdan məhrum etməklə dünyada analoqu olmayan hökm çıxarılıb: “Bu iş üzrə istintaq da, məhkəmə də ciddi qanun pozuntuları ilə müşayiət olundu. Məhkəmə öyrədilmiş şahid ifadələri ilə keçirilidi. Sərdar Babayev nüfuzlu şəxs idi, acı həqiqətləri dilə gətirirdi, buna görə də arzuolunmaz şəxsə çevrilmişdi”.
Xaricdə din təhsili almış övlad öz valideyninin dəfnində cənazə namazı qıla bilməz?
Vəkil Cavad Cavadov sözügedən maddənin qüsurlu olduğunu bildirib və bunu “potensial təhlükə” adlandırıb.
“Xaricdə, o cümlədən İranda Azərbaycan dövlət orqanlarının xətti ilə gedib təhsil alanlar var. Sərdar babayevin təhsil aldığı məktəbdə Qafqaz Müsəlmanları İdarəsinin xüsusi bölməsi var. Proqramları da eynidir. Sərdar Babayev məhkəmədə maraqlı sual verdi. Dedi ki, hər bir övlad öz valideynlərinin dəfnində cənazə namazı qıla bilər. İndi mən xaricdə dini təhsil almışam deyə, valideynimin dəfnində cənazə namazı qıla bilmərəm? Kifayət qədər absurd maddədir və təcili olaraq, Cinayət Məcəlləsindən çıxarılmalıdır”.
Azadliq.info
Oxunub: 302