İyulun 17-də “Monitor” jurnalının baş redaktoru, qətlə yetirilmiş Elmar Hüseynovun 50 yaşı tamam olub. Dostları, ailə üzvləri, media təmsilçiləri, siyasi partiya rəhbərləri, ictimaiyyət nümayəndələri E.Hüseynovun doğum gününü onun qəbri önündə qeyd ediblər.
E.Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Onun qətlindən 12 il keçməsinə baxmayaraq, hələ də qətlin sifarişçiləri tapılmayıb, qətli törədən şəxslər elan edilsə də onların Gürcüstandan Azərbaycana gətirilməsi istiqamətində işlər aparılmayıb.
AXCP sədri Əli Kərimli bildirib ki, bu günlərdə Elmarın qətli ilə bağlı məsələ xüsusi olaraq aktuallaşdırılmalıdır.
“Çünki bu günlərdə Azərbaycan hökuməti heç bir cinayət törətməyən Əfqan Muxtarlını Tbilisinin mərkəzindən götürüb Azərbaycana gətirə bildi. 12 ildir ki, Azərbaycan xalqını aldadırlar ki, Elmarın qatilləri Tbilisidədir və biz onu gətirə bilmirik. Bizim üçün hazırda praktik işlərdən biri məsələni beynəlxalq müstəviyə çıxarmaq olmalıdır. Necə olur ki, Azərbaycan hakimiyyəti Gürcüstanda şərlədib adam tutdura bilir (professor Fərman Ceyranovu da bunlar həbs etdirib), oradan zorakılıqla adamı maşına basıb Azərbaycan gətirə bilir, amma Elmarın hökumətin təqdim etdiyi qatilləri 12 ildir Gürcüstanda arxayın gəzə bilir”, -Ə.Kərimli qeyd edib.
Çıxışlarda E.Hüseynovun qətlinin ölkədə tənqidi fikri susdurmağa yönəldiyi bildirilib.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər deyib ki, Əliyev-Paşayev regimi E. Hüseynov kimi çox güclü bir neçə şəxsiyyəti qətlə yetirib.
“Bu rejim yüzlərlə vətəndaşımızı uzunmüddətli həbs cəzalarına məruz qoyub, on minlərlə vətəndaşımıza zülm edib. Yüz minlərlə vətəndaşımızın ölkəni tərk etməsinə səbəb olub. Bu rejim milyonlarla vətəndaşımızın həyatını oğurlayıb. İstər Elmarın qatillərinin qanun qarşısında cavab verməsi üçün, istər minlərlə haqları pozulan insanın haqqının bərpa edilməsi üçün, istər ölkəsində xoşbəxt yaşamaq istəyən milyonlarla insanın geri dönməsi üçün hakimiyyət dəyişməlidir. Hakimiyyət xalqın nəzarətinə keçməlidir”, – İsa Qəmbər qeyd edib.
Keçmiş “vicdan məhbusu”, jurnalist Xədicə İsmayıl indi də E.Hüseynov kimi jurnalistlərin Azərbaycanda olmadığından təəssüfləndiyini bildirib.
“Elmar sağ olsa idi indi həbsdə idi. Biz onun yaşını həbsxananın qarşısında qeyd edəcəkdik. Amma o, yazdığı kimi davam edəcəkdi. Referendum olanda və birinci vitse-prezident təyin ediləndə öz-özümə düşünürdüm ki, Elmar bu hadisələrlə bağlı yazılarına hansı başlıqları qoyardı. Etiraf edək ki, o cür tənqidi yazılara bizim heç birimizin nə istedadı, nə də riski bəs etmir. Bu gün jurnalistikada Elmar cəsarəti çatmır”, – X.İsmayıl bildirib.
Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, E.Hüseynovun qətlindən sonra hər il media geriləyib.
“Hakimiyyətin yeritdiyi repressiya siyasəti Azərbaycanda azad mətbuatın qadağan olunmasına gətirib çıxarıb. Jurnalistika Azərbaycanda çox qorxulu bir peşəyə çevrilib. Biz hər həftə hansısa bir tənqidçi jurnalistin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmasının şahidi oluruq”.
Turan Agentliyinin direktoru Mehman Əliyev deyib ki, EHüseynov vaxtilə yazılarında bugünkü böhranı təsvir edib.
“Biz indi dərin böhran keçiririk. Azərbaycanın vəziyyəti hər gün pisləşir. Hakimiyyət yenə azad mediaya, vətəndaş cəmiyyətinə və siyasi partiyalara basqılar edir. Yenə də susdurmaq istəyir. Amma özü də getdikcə zəifləyir. Elmar Hüseynovun apardığı mübarizə və onun ölümü Azərbaycanın gələcəyi üçün çox ciddi zəmin yaradıb. Bu mübarizədə hakimiyyətin uduzacağı qaçılmazdır”, – o vurğulayıb.
Müsavat başqanı Arif Hacılı deyib ki, E. Hüseynov həyatda olmasa da yenə amalına xidmət edir.
“Elmar Hüseynov Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Nəcəf Nəcəfov kimi Azərbaycanın dayaqlarından biridir”, – o qeyd edib. (contact.az)
Oxunub: 240