Qəzanı Əli Həsənovun nəvəsinin törətdiyini gizlətmək mümkün olmadı. DİN rəsmən təsdiq etdi ki, aeroport yolunda 2 nəfərin ölümünə və 3 nəfərin yaralanmasına səbəb olmuş qəzanı Nail Allahverdiyev (Əli Həsənovun nəvəsi) törədib. Çox ağır faciədir. Allahdan ölənlərə rəhmət, yaralılara şəfa arzulayıram. Fikrimcə, nəinki qəzada ölən və yaralanan digərləri, hətta qəzanı törətmiş 23 yaşlı Nail özü də qurbandır. Hakim düşərgədə kök salmış azğın, məsuliyyətsiz həyat tərzinin, qaçqının, şəhid ailəsinin belə boğazına şərik olan korrupsiya piramidasının, cəzasızlıq mühütinin qurbanıdır. Hər bir hadisədə səbəb və nəticəni ayırd etmək önəmlidir. Baş vermiş qəza nəticədir, təəssüf ki, ağır və faciəli nəticədir. Səbəb isə ölkədəki idarəetmədir.
Ondan başlayaq ki, normal ölkədə “Qaçqınkom”un sədrinin nəvəsi öz azğın həyat tərzilə, milyonluq maşın kolleksiyası ilə gündəmə gələ bilməzdi. Qaçqınlara xidmət etməli olan məmur niyə görə belə zəngin olsun ki? Korrupsiya açıq-aşkar gözə girmirmi?
Tutaq ki, “Qaçqınkom”un sədri korrupsioner həyat tərzini, nəvəsi də azğın həyat tərzini seçib, bəs bu ölkənin hüquq mühafizə orqanları hara baxırdı? Niyə görə onlar bu gəncin çoxmilyonluq maşın kolleksiyasının mənbələrilə maraqlanmırdılar? Yoxsa hamısının başı vicdanlı adamları şərləməyə qarışmışdı? Bəs Əli Həsənovu 17 il bu vəzifədə saxlayan prezident(lər) hara baxırdı? Axı neçə illərdir ki, Əli Həsənovun nəvəsi məhz bahalı maşın kolleksiyası və azğın həyat tərzilə ictimaiyyətin diqqətində idi. Niyə buna görə Əli Həsənovdan vaxtında məsuliyyət tələb olunmamışdı? Niyə Əli Həsənov özü nəvəsini vaxtında durdurmamışdı? Necə vicdanı yol vermişdi ki, qaçqın və məcburi köçkünlərdən oğurladıqları hesabına nəvəsi azğın həyat tərzi keçirdir? Suallar çoxdur, cavab da birdir: korrupsioner, cinayətkar rejim günahkardır.
Bu barədə isə danışmaq, yazmaq ona görə lazımdır ki, ölkədə nə Əli Həsənov yeganə korrupsioner məmurdur, nə də Nail azğın həyat tərzi keçirən yeganə məmur övladı. Hazırda digər korrupsionerlər öz işlərilə məşğuldurlar. Onlar əmindirlər ki, rejimə siyasi və ya maliyyə xəyanəti etməyənə qədər heç kim onlara gözün üstə qaşın var deməyəcək. Övladları da əmindir ki, hakimiyyət nə vaxta qədər onların korrupsioner atalarının, babalarınındır, onları alışdıqları azğın həyat tərzindən kimsə ayırmayacaq. Xalq olaraq dövlətimizə sahib çıxmayınca, xalq qarşısında məsuliyyətli, şəffaf hakimiyyət formalaşmayınca, təəssüf ki, korrupsioner və cinayətkar rejimin qurbanları da çox olacaq. Bizim və onların, hər kəsin azadlığı üçün “bəsdir!” deməyi bacarmalıyıq.
Oxunub: 2004