Ölkə əhalisinin aztəminatlı hissəsi üçün güzəştli şərtlərlə tikilən sosial mənzillər deyəsən, daşınmaz əmlak bazarına mənfi təsir edəcək. Belə ki, sosial evlərin inşasını həyata keçirən
MİDA-nın təklif etdiyi qiymətlər orta təbəqə üçün əlçatan olduğundan, bu mənzillərin yalnız 20 faizinin kommersiya məqsədiylə satılacağı deyilir. O zaman MİDA-nın mənzil bazarı ilə rəqabətəyə girəcəyi və qarşı tərəfin qiyməti aşağı salmağa məcbur olacağı qaçılmazdır.
Qiyməti ərşə qalxan binalarda mənzil almağa imkanı çatmayan insanların sosial mənzillərə olan ümidiylə ipoteka ilə ev sahibi olmaq istəyənlərin əlverişli qiymət axtarışları üst-üstə düşür. Hər iki tərəf məhz mənzil arzusuyla və büdcəsinə uyğun bazar axtarır. Bu gün isə hamını maraqlandıran sual sosial mənzillərin daşınmaz əmlak bazarındakı qiymətlərə təsir edib-etməyəcəyidir.
İqtisadçı-ekspertlər deyir ki, əslində, maya dəyəri və rentabellik hər bir mal-məhsulun qiymətini müəyyənləşdirən əsas amildir. Mənzil tikintisində də belədir. Yəni, tikintinin maya dəyəri və binanı inşa edən şirkətin mənfəəti daşınmaz əmlak bazarında mənzillərin qiymətlərini diqtə edir. Mənzillərin qiyməti məhz bu amillərdən asılıdır. Qiymət maya dəyərindən və mənfəətdən aşağı düşəcəksə, mənzil bazarında dərin böhran başlana bilər. O zaman şirkətlər qiymətləri aşağı salmaqla daşınmaz əmlak bazarında tələb və təklifi qarşılamalıdır. Yəni burda söhbət artıq mənfəətdən deyil, bazarda alıcılıq səviyyəsinin qorunmasından gedir. Necə deyərlər, bazarda alıcısını itirən satıcının nə işi ola bilər?!
Görünən odur ki, tikinti şirkətləri inşa etdikləri neçə-neçə binadakı mənzilin əllərində qalmağındasa, tələb və təklif arasında seçim etməlidirlər. Hər halda, mənzil bazarında vəziyyət daim üzü enişə olmayıb. Yəni bu sektordakı durum həmişə mövsüm xarakterli olub. Daşınmaz əmlak bazarındakı müsbət tendensiyanın tələb və təkliflə tənzimləndiyi isə nəinki tikinti şirkətlərinə, elə hamıya bəllidir.
azadlıq.info
Oxunub: 250