Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası 2015-ci il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövrdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.
Audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 18631,2 min manat məbləğində vəsaiti əhatə edib. Cəmiyyət tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən əsas fəaliyyəti üzrə qulluq göstərilən yaşıllıq sahələri əvvəlki illərin faktiki göstəricisinə nisbətən kəskin fərqlə çox göstərilib və nəticədə xərclərə olan proqnoz məbləğləri ötən illərin icra məbləğlərindən çox hesablanıb, büdcə vəsaitinin istifadəsi üzrə əməyin ödənişi ilə bağlı Vahid Tarif Cədvəli üzrə dərəcələrə görə müəyyən olunmuş məbləğlərdən artıq vəsaitlər proqnozlaşdırılıb və icra edilib, büdcə vəsaitlərinə artıq tələbat yaradılıb, öhdəliyə qəbul olunmadığı halda 2015-ci ildə 2 yaşıllaşdırma idarəsinin içməli suya görə əvvəlki dövrün kreditor borcları ödənilib, tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşma mövcud olmayıb, uyğun xüsusiyyətli müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsi fərqli olub. Torpağın əkinə hazırlanması və qulluq işlərinin bir sıra hallarda tələb olunan səviyyədə aparılmaması səbəbindən 2015-ci ilin nəticələrinə görə cəmiyyətin 1 yaşıllaşdırma idarəsi üzrə bitiş faizi mövcud normadan 3,2 faiz az olub.
Cəmiyyətin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsi büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaradıb, bir halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin balansında olan meşə zolağına 2016-cı ilin sentyabr-dekabr ayları ərzində cəmiyyət tərəfindən xidmət göstərilib.
Cəmiyyətin tabeliyində yaşıllaşdırma idarələri tərəfindən salınmış yaşıllıq ərazilərində suvarma və damcılı suvarma sistemlərinin quraşdırılması, təmir-bərpası, yenidənqurulması və onların istismarını həyata keçirən ixtisaslaşmış funksional idarəsi mövcud olduğu halda cəmiyyətin idarə aparatı tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının 2015-2016-cı illərdə funksional fəaliyyətinə aid olmayan digər idarələrə verilməsi hallarına rast gəlinib.
Azadliq.info
Oxunub: 188