2004-cü il mayın 20-də “Bakinski raboçi” qəzetində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Qloballaşma dövründə Azərbaycan: inkişaf strategiyası” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Mehdiyev populyar formada qloballaşmaya öz (kifayət qədər mübahisəli və hətta şübhəli) elmi baxışını ictimaiyyətə çatdırmağa və “qloballaşmanın saxtalaşdırılması” yolu ilə ölkənin yaxın inkişaf perspektikləri haqqında düşüncələrini cəmiyyətə qəbul etdirməyə çalışıb.
Müəllif qloballaşmanı elə nöqteyi-nəzərdən (öz nöqteyi-nəzərindən) şərh edib ki, Azərbaycan cəmiyyətinin ziddiyyətli vəziyyətini qabarıq şəkildə ifadə etsin: tarixi presedentlərə istinadlarla Mehdiyev cəmiyyətin qloballaşma konteksti ilə “irodianlara və zelotlara” bölünüb. Birincilər qloballaşmanın – tərəqqinin, demokratiyanın, neoliberalizmin və s. müdafiəçiləridir. İkincilər isə, müvafiq olaraq, təkcə qloballaşmanın deyil, həm də cəmiyyətin, millətin tərəqqisinin və s. düşmənləridir.
O, Azərbaycanda düşmənlərə (zelotlara) qarşı qətiyyətli mübarizə aparmağa kömək edəcək yeni siyasi elitanın (irodianların) yaradılması zərurətinin əsaslandırılmaı üçün qəsdən qloballaşmanı saxtalaşdırıb.
Mehdiyev hazırki Azərbaycan “irodianları”nın ikinci nəslindən (oğullarından və nəvələrindən) “yeni siyasi elita” yaratmaq və bütün “zelotları” (müxalifəti, vətəndaş cəmiyyətini) tarixin arxivinə yazmaq istəyini ifadə edib. Bu zaman “yeni elita” formalaşdırılması layihəsi dedikdə müəllif, görünür, bütün hakimiyyətin “irodianların” əllərində cəmləşməsi zərurətini nəzərdə tuturdu. Yalnız bütün bu addımlar həyata keçiriləcəyi təqdirdə Mehdiyev bizim hamımıza Azərbaycanın işıqlı gələcəyə sıçrayacağını vəd edib.
O da maraqlıdır ki, “yeni siyasi elita” formalaşdırılması zərurətindən danışan müəllif əvvəlki komsomol qurumlarının – “irodianlaın ən yaxşı ocağının” olmamasından açıq təəssüfünü də gizlətmir.
Amma müəllifin saxtalaşdırmaları təkcə qloballaşma anlayışı ilə deyil, həm də irodian və zelot anlayışları ilə bağlıdır. Məsələ ondadır ki, irodianlar İsa peyğəmbərin düşmənləri və çar İudey İrodun nökərləri və ya tərəfdarları idi.
Zelotlar isə Roma hökmranlığına, habelə çar İrodun irsinə qarşı mübarizə aparırdılar. Və məlum olduğu kimi, İsa peyğəmbərin 12 səhabəsinin ən az üçü zelot olub.
Qloballaşmanın məqsəd və vəzifələrindən və tarixi həqiqətdən nəticə çıxarsaq, onun tərəfdarları məhz zelotlar olmalı idi, İsa peyğəmbərin təbliğ etdiyi qlobal bərabərlik, qardaşlıq və sevgi ideyalarına qarşı çıxış edən irodianlar deyil.
Mehdiyevin məqaləsi həmin keçid dövründə təsadüfi deyildi. Sovet dövründə və müstəqil Azərbaycanın ilk onillik idarəetməsində hakimiyyəti dadmış “Yeni Azərbaycan” partiyasının funksionerləri elə o vaxtdan vətəndaş cəmiyyəti sıralarında deyil, müstəsna olaraq hakim elita sıralarında nəsildən-nəslə ötürmə mexanizminin yaradılması üzərində düşünməyə başlayıblar. Xüsusi elit təhsil, hakimiyyətdaxili ailə bağlarının möhkəmləndirilməsi vasitəsilə rejimin bərkidilməsi, gənc irodianların ön mövqelərə çıxarılması ideyalarının həyata keçirilməsi buradan gəlir. Və paralel olaraq, ardıcıl olaraq reallıqda qloballaşma ideyalarının əsl daşıyıcısı olan yeni zelotlar nəslinin məhvi həyata keçirilirdi və keçirilir.
Nəticədə, bu gün Azərbaycan cəmiyyəti Mehdiyev irodianlarının şəxsində “qızıl gənclik” əldə edib, onların həyatını və gələcəyini əsasən nüfuzlu və ya yüksək vəzifəli valideynləri qururdular, buna görə həyatları dərdsiz olub, özləri isə avaralara çevriliblər. Öz övladlarının şəxsində “qızıl gənclik” terminini əmələ gətirən meşşanları siyasi ön səhnəyə atan Fransa inqilabı dövründən indiyə qədər çox az şey dəyişib. Azərbaycan cəmiyyəti köhnə elitanın və onların fərsiz övladlarının meşşan passajlarına doyub. Baş nazir müavininin nəvəsinin ölümə səbəb olan avtoxuliqanlığı, general oğlunun avtobus sürücüsünü döyməsi kimi yeni irodianların cinayət əməlləri müasir Azərbaycan nuvorişlərinin varislərinin əxlaqsız hərəkətləri aysberqinin yalnız görünən tərəfidir. Və bu yeni elita ordusu artıq təkcə ölkə üçün deyil, elitanın özü üçün də baş ağrısına çevrilir. İlham Əliyevin general oğlunun atasının istefası ilə nəticələnən xuliqanlıq hərəkətlərinə sərt reaksiyası, prezidentin məmurların ünvanına açıq öyüd-nəsihətləri və hədələri irodianlar arasında daxili problemlərin olduğunu göstərirdi.
Ambivalent sistemin yaratdığı qızıl nəsil atalarının istədiyi kimi rejimin dayağı olmadı. Ən yaxşı halda, onlar formal olaraq imic layihələrinə və digər layihələrə ayrılan vəsaitləri oğurlayır, ümumilikdə isə, oğurlanmış xalq vəsaitlərini israf edərək, pozğun həyat keçirirlər. (turan)
Oxunub: 260