Naxçıvan Muxtar Respublikasının sakini Səmayə Nəcəfova qan xərçəngindən əziyyət çəkən 10 yaşlı nəvəsi Elvin Vüqar oğlu Şabanovun müalicəsinə yardım etmək xahişi ilə Azərbaycan rəhbərliyinə videomüraciət yayıb.
Nəcəfova bildirir ki, qızı Günel Şabanovanın ailəsinin yaşamaq üçün vəsaiti qalmayıb. Ailə Şərur şəhərində, Müşfiq küçəsi 14, mənzil 12 ünvanında yaşayır.
Xəstə uşaq hazırda Ankara Onkoloji Xəstəxanasında müalicə olunur.
“O, bir neçə ay əvvəl xəstələnib. İlk vaxtlar Elvin Şabanovun müalicəsinə bir türk sahibkar maddi yardım göstərib. Amma indi qan köçürmək üçün pul yoxdur və xəstəxanada uşağın müalicəsini davam etdirməkdən imtina edirlər”, deyən qadın qeyd edir ki, Naxçıvanda uşağın müalicəsi üçün şərait yoxdur.
Nəcəfova NMR başçısı Vasif Talıbovun qəbuluna düşməyə çalışıb, amma onu buraxmayıblar.
Çarəsiz qalan qadın İnternet vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya kömək etmək xahişi ilə müraciət edir.
O, həmçinin biznes nümayəndələrindən kömək istəyir.
Oxunub: 254