“The Telegraph” qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, İran milli futbol yığmasının iki oyunçusuna, İsrailin Maccabi klubuna qarşı matçda oynadıqlarına görə ömürlük qadağan qoyub.
İki yarımmüdafiəçi – 33 yaşlı Məsud Şocayi və 27 yaşlı Ehsan Hacısəfi israillilərə qarşı Yunanıstanın Panionios komandasının tərkibində Avropa Liqası seçmə oyunlarının üçüncü dövrəsində oynayıblar.
İran idman nazirinin müavini Məhəmmədrza Dəvarzani televiziya ilə çıxışında deyib ki, “Şocayi və Hacısəfi bundan sonra heç vaxt milli komandada oynamayacaqlar, çünki onlar qırmızı xətti keçiblər”.
Nazir müavini deyib ki, bu iki oyunçunun yunan klubunda oynadıqlarını və ordan maaş aldıqlarını başa düşür, lakin onların “niftrət doğuran rejimin komandası” ilə oynaması İran xalqı üçün qəbulolunmazdır.
“The Telegraph” yazır ki, İran hökuməti İsrail dövlətini tanımır və İran idmançılarına bu ölkənin idmançılarına qarşı yarışmaq belə qadağan edilib.
Nazir müavini bunu da etiraf edib ki, Şocayi və Hacısəfi “təzyiqlərə” və “pul cəriməsinə” baxmayaraq İsraildə keçirilən birinci matçda oynamayıblar.
Buna baxmayaraq hər iki futbolçu avqustun 4-də keçirilən cavab matçında meydançaya çıxıb.
Bu da bildirilir ki, Panionios həmin oyunu 0-1 hesabı ilə uduzub. Yunanlar bundan əvvəlki oyunu da eyni hesabla uduzmuşdular.
İran Futbol Federasiyasının vise-prezidenti Əli Kafəşiyan Mizan saytına deyib ki, bu iki oyunçu hətta onların kontraktları ləğv olunsaydı belə israillilərlə eyni oyunda iştirakdan imtina etməliydilər.
İran parlamentinin xarici siyasət komitəsinin sözçüsü Hüseyn Naqəvi-Hüseyni isə Mehr agentliyinə deyib: “Bəşəriyyətə işğal, qətl, təcavüz və xəyanətdən başqa bir şey verməyən rejimin idmançılarına qarşı oynamaq, minlərlə şəhidin ruhuna və sionist rejimin işğalçılığına görə yurdlarından didərgin düşənlərə hörmətsizlik kimi qiymətləndirilməlidir”.
İsrailin Xarici İşlər Nazirliyi isə hadisə ilə əlaqədar tvit yazıb: “İsrail idmançılarına qarşı matçlarda oynamamaq tabusunu pozmuş Məsud Şocayiyə və Ehsan Hacısəfiyə əhsən!”
Manchester United komandasının keçmiş məşqçi köməkçisi Carlos Queiroz-un başçılıq etdiyi İran milli yığması gələn il Rusiyada keçiriləcək Dünya Çempionatında iştirak edəcək.
“The Telegraph” yazır ki, bu iki yarımmüdafiəçinin çempionatda oynamaması İran yığmasının şanslarını xeyli azalda bilər.
Onlar ötən iyulda Panionios komandasına gələndə, Hacısəfi 84 oyunda 6, Şocayi isə 71 oyunda 7 qol vurmuşdu.
Məqalədə deyilir ki, İran rəsmilərindən fərqli olaraq futbol azarkeşləri sosial mediada hər iki futbolçuya geniş dəstək verirlər.
Oxunub: 200