ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üçün çərçivə sənədinin mövcudluğunu, lakin tam kompramisin əldə olunması üçün çox iş görülməli olduğunu deyib. O, “iki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə təmas xəttindən snayperləri çıxarmaq, müşahidəçilərin sayını artırmaq və ərazidə xüsusi avadanlıq yerləşdirmək lazımdır” fikrini bir daha təkrar edib.
Onun açıqlaması tərəflər arasında əldə edilən son Brüssel görüşünün ruhuna uyğun olsa da, qalıcı sülh və problemin həlli baxımından Azərbaycanın zərərinədir. Regionda Rusiyanın fəallaşması fonunda ABŞ tərəfi Qarabağda aktiv hərbi əməliyyatlara əsas verəcək kiçik qarşıdurmaların maksimum azalmasında maraqlıdır. Qarabağda aktiv hərbi əməliyyatlar başlayarsa, bundan kimin qazanacağı, kimin itirəcəyi qətiyyən bəlli olmaz. Ancaq Rusiyanın regiona aktiv müdaxiləsinə ciddi zəmin yaranacaq.
Erməni tərəfi həmsədrlərin iştirakı ilə hər dəfə əldə edilən razılaşmaları bir bəhanə və ya hərbi təxribatla pozur, danışıqları uzatmaqla işğal etdiyi ərazilərdə məskunlaşma həyata keçirir. Əslində bu gün təmas xəttində gərginliyin azaldılması istiqamətində cəhdlər, habelə “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ideyası strateji baxımdan ermənilərə sərf edir. Onlar onsuz da istər “Madrid prinsipləri”ndən, istər“Yenilənmiş Madrid prinsipləri”ndən, istərsə də “Çərçivə sazişi”ndən yayınmaq üçün bəhanələr axtarır.
Hoqlandın bu bəyanatı bir tərəfdən aktiv əməliyyatlardan sığortalanmaq cəhdidirsə, digər tərəfdən də dolayısı ilə erməni tərəfini təmas xəttində rahatlatmağa imkan verən və tərəflərin substantiv danışıqlara başlamasını qeyri-müəyyən vaxtadək uzatmağa çaılışan ermənilərə yeni bəhanə ola bilər. Sülh sazişi olmadan təmas xəttində hətta ən kiçik demilitarizasiyanın həyata keçirilməsi də bizim maraqlarımıza cavab vermir.
Hazırda yaranmış bu mürəkkəb durumda Ermənistan məhz substantiv danışıqları pozmaq və münaqişə ətrafında yeni danışıqlar şərti irəli sürmək məqsədilə əlini xeyli gücləndirib. Rusiya ilə “birgə qoşun qrupu”nun yaradılması onlara təmas xəttində təxribatları artırmağa imkan yaradıb. İstədikləri vaxt, istədikləri metodla mülki əhaliyə hücuma keçir, təmas xəttində keşik çəkən hərbiçilərimizi hədəf alır. Belə bir situasiyada həmsədrlərin davamlı olaraq Ermənistanın maraqlarına uyğun davranması Azərbaycan diplomatiyasının ciddi uğursuzluğudur.
Oxunub: 292