Bir neçə il əvvəl Suriyanın Hələb şəhərində raket zərbəsindən yaralanmış azərbaycanlı “Übeyd”in mühakiməsi başlayıb.
Ləqəbi “Übeyd” olan şəxs əslində, Quba sakini, 38 yaşlı Rövşən Qədirovdur. O, qanunsuz silahlı birləşmələrin tərkibində əvvəlcə təlim keçib, sonra da döyüşməkdə ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
“Çox şey şişirdilib”
İttihamda yazılıb ki, Rövşən Qədirov 2009-cu ilin noyabrında Pakistanda “Türk camaatı” adlı silahlı birləşməyə daxil olub və 2010-cu ilin martına qədər o qrupun tərkibində iştirak edib. 2011-2012-ci illərdə isə Suriyanın Hələb şəhərində “Ahraru-Şam” silahlı birləşməsinə qoşulub. 2011-ci ilin dekabrında Bəşər Əsəd qüvvələrinin həmin əraziyə endirdiyi raket zərbələri nəticəsində yaralanıb.
İttihamın elanından sonra Rövşən Qədirova ifadə vermək təklif olunsa da, o, imtina edib. Deyib ki, hazırkı mərhələdə ifadə vermək istəmir. Hərçənd, özünü qismən təqsirli bilir.
“İttihamda çox şey şişirdilib. Mən ərəb ölkələrinə humanitar yardım aparmaq məqsədilə getmişəm, döyüşlərdə iştirak etməmişəm”, – Rövşən Qədirov belə deyib.
Türk İbrahimlə tanışlıq və Pakistana səfər…
Məhkəmədə onun qardaşı Mahir Qədirov şahid kimi dindirilib. O deyib ki, qardaşı Rövşən Türkiyədə yaşayır, usta işləyib ailəsini dolandırırdı. Özü də qardaşının yanına gedib-gəlirdi.
Özünün Qarabağ döyüşlərində iştirak etdiyini, kontuziya aldığını deyən Mahir Qədirov bu səbəbdən yaddaşında problemlər yarandığını və çox şeyi xatırlamadığını bildirib.
Rövşən Qədirovun istintaqa ifadəsində isə yazılıb ki, 2008-ci ildə Türkiyəyə işləməyə gedib. Orada İbrahim adlı şəxslə tanış olub.
Milliyyətcə türk olan İbrahim Pakistanda gedən proseslər, şəriət qanunları, cihad haqda danışıb. Bu söhbətlərdən sonra özü də Pakistana getmək qərarına gəlib. 2009-cu ilin noyabrında İbrahimlə birlikdə Türkiyənin Ağrı vilayətindən İranın Məşhəd, oradan da Zahidan şəhərinə gedib. Onları orada Abdulmumin adlı biri qarşılayaraq öz evinə aparıb. Həmin evdə Rövşən Qədirova “Übeyd” ləqəbi verilib. Üç-dörd gün sonra Abdulmumin onları Pakistana gətirib. Orada da onları “Türk camaatı”nın rəhbəri Yunus qarşılayıb.
Düşərgədə fikir ayrılığı
Rövşən Qədirovun ifadəsinə görə, o, “Türk camaatı”nın tərkibində təlimlərdə iştirak edib. Amma bir müddət sonra düşərgədəki digər mücahidlərlə aralarında fikir ayrılığı yaranıb. Bu səbəbdən də Yunus 2010-cu ilin əvvəlində onu öz dəstəsindən kənarlaşdırıb. Rövşən Qədirov Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında isə Suriyanın Hələb şəhərinə gələrək “Ahraru-Şam”a qoşulub. Ona “Kalaşnikov” avtomatı verilib. Əsas işi isə ərzaq anbarının mühafizəsi olub. 2011-ci ilin dekabrında raket zərbəsi nəticəsində yaralanıb. Hələbdə bir müddət müalicə aldıqdan sonra Türkiyəyə, bir neçə ay əvvəl də Azərbaycana qayıdıb. Azərbaycana gələndən sonra həbs olunub.
Məhkəmə avqustun 15-də davam edəcək. (azadliq.org)
Oxunub: 164