“Daily Mail” Toni Bleyerlə Maltanın baş nazirini Azərbaycan hakimiyyəti ilə korrupsiya əlaqələrində ittiham etdi
Britaniyanın “Daily Mail” qәzeti bu ölkənin keçmiş baş naziri Toni Bleyerin Maltaya səfəri barədə dərc etdiyi məqalədə Azərbaycanın da adını hallandırıb. Qəzet Bleyerin Azərbaycan hakimiyyəti ilə münasibətlərini yada salaraq, onu həm də buna görə ittiham edir.
Məqlədə yazılır ki, Toni Bleyer və onu təmtəraqla qarşılayan Maltanın baş naziri Jozef Muskatı Azərbaycan hakimiyyəti ilə yaxşı əlaqələr birləşdirir.
“Onların hər ikisi Azərbaycanın uzunmüddətli və zəngin, lakin mənəvi cəhətdən iflas etmiş diktaturasına maraq göstәrib”, – deyə qəzet yazır.
Məqalədə Bleyerin 2009-cu ildə Bakıya səfəri yada salınır və bu “sərfəli səfər”ə görə o, ittiham olunur:
“Bleyer orada 2003-cü ildə ölkənin lideri olan kleptokratik despot İlham Əliyevlə tanış oldu. Bu saxta seçkilər, həbs olunan opponentlər, qapalı müxalif mətbuat, işgəncələrə və təcavüzə məruz qalmış müxaliflərlə təhdid edən bir rejim üçün əsas PR xidməti idi və Əliyev ailəsini get-gedə daha da zənginləşdirdi. Bleyerin rejimə yaxın bir sənayeçiyə məxsus zavodda danışması müxalif qrupların (ona ödәnilәn 90 min funtsterlinqin geri ödənişi istәnilib) vә Beynəlxalq Amnistiya Tәşkilatının kəskin tənqidlərinә səbəb oldu.
2014-cü ildə Bleyer Azərbaycanla Cənubi Avropa arasında 2 min kilometr qaz boru xətti çəkmək istəyən özəl neft şirkətləri adından lobbiçilik etmək üçün sərfəli müqavilə imzalayıb. Müqavilə Əliyev rejimi tərəfindən dəstəkləndi, çaşqın ekoloqlar və demokratiya tərəfdarları cənab Bleyerin iştirakını “biabırçı” adlandırdılar”, – deyə məqalədə yazılır.
Qəzet daha sonra Maltanın baş naziri Muskat ailəsi ilə İlham Əliyev ailəsi arasında korrupsiya ortaqlığının üzə çıxmasını xatırladır:
“Malta rüşvət, korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı böyük bir siyasi skandalın mərkəzi hesab olunur. Maltalı hakimlər beş araşdırma başladıb, bunlardan biri də Muskatın və onun həyat yoldaşının maliyyə işlərinin araşdırılmasıdır.
Keçən il Panama Sənədlərində Muskatın böyük müttəfiqlərindən ikisi – o zaman enerji naziri Konrad Mizzi və baş katibi Keith Şembrinin adı aşkarlandı. Maltanın mərkəz sağ müxalifət milliyyətçi partiyası uğursuzluğa düçar oldu və onların hər ikisi işdən çıxarıldı. Ancaq bu zaman Muskat onların tərəfində dayandı. Malta müxalifətinə sıx bağlı olan Daphne Caruana Galizia adlı nüfuzlu bir siyasi blogger bu məsələ ilə əlaqədar bir sıra məqalələr yazdı. O, Muskatın həyat yoldaşının gizli bir şirkətdə səhmdar olduğunu, bu şirkətin Azərbaycandan köçürülmüş çirkli pulların yuyulması üçün qurulduğunu iddia edir.
Galizianın iddialarına görə, baş nazir Muskat və onun müttəfiqləri Azərbaycanın rəhbəri Əliyevdən müxtəlif vasitələrlə pullar alıblar.
Galizia iddia edir ki, Azərbaycan prezidentinin qızı Leyla Əliyeva Dubayda bir bankdan Muskatın həyat yoldaşına məxsus firmaya 1 milyon avrodan artıq pul köçürüb”.
Azadliq.info
Oxunub: 1290