AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb. Bu barədə avqustun 17-də Nəsimi rayon məhkəməsində qərar qəbul olunub.
G.Bayramlının və Ə.Muxtarlının həbs müddətini istintaq dövrü üçün uzatmaq barədə məhkəməyə Baş Proqkurorluq təqdimat verib. Təqdimata Nəsimi məhkəməsində hakim Babək Pənahov baxıb.
Məhkəmədə təqsirləndirilən şəxsləri vəkillər Elçin Sadıqov və Nemət Kərimli təmsil edib.
Vəkil E.Sadıqov prokurorluğun təqdimatına qarşı çıxıb. O, deyib ki, hər iki təqsirləndirilən şəxsin səhhətində ciddi problemlər var. Vəkil həmçinin bildirib ki, istintaq dövründə G.Bayramlı və Ə.Muxtarlının həbsdə tutulmasından ötrü qanunvericilikdə təsbit edilən əsaslar da mövcud deyil.
Ancaq prokurorluq nümayəndəsi vəkillərin arqumentlərinin əsaslı olmadığını bildirib. O, iddia edib ki, təqsirləndirilən şəxslər istintaq dövründə həbsdə saxlanılmazsa, istintaqın obyektiv aparılmasına maneə yarada bilərlər.
Məhkəmə prokurorluq nümayəndəsinin iddiasını əsaslı sayaraq, G.Bayramlı və Ə.Muxtarlının həbs müddətini 2 ay uzadıb.
Ayrı-ayrılıqda keçirilən proseslərdə G.Bayramlı və Ə.Muxtarlı da çıxış edib.
“Azərbaycan məhkəmələrində ədalət yoxdur”
Vəkillərin deməsinə görə, Gözəl Bayramlı saxlanması, ona cinayət işi açılması olaylarının başdan-ayağa qurama olduğunu, ondan siyasi fəaliyyətinə görə qisas alındığını bildirib. O, Azərbaycan məhkəmələrindən ədalət gözləmədiyini də ifadə edib:
“Bütün dünyada məhkəmələr əslində ədalət yeridir. Ancaq Azərbaycandakı məhkəmələrdə ədalət yoxdur”.
“Həbsimi birbaşa İlham Əliyev sifariş edib”
“Mən 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqları ilə mübarizə aparıram. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparmışam, yazılar yazmışam. Mənim son dövrdəki yazılarım əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ifşa olunduğu Meydan TV-də dərc olunub. Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığından mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyim üçün, onunla dost olduğumdan məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib”, – vəkilinin bildirməsinə görə, jurnalist deyib.
Ev dustaqlığı üçün məhkəməyə müraciət olunacaq
Vəkillərdən E.Sadıqov Azadlıq Radiosu-na deyib ki, hər iki şəxs barəsində seçilmiş həbs tədbirinin sağlıq durumlarına görə ev dustaqlığı ilə əvəz edilməsindən ötrü məhkəməyə müraciət edəcək.
Vəkilləri Ə.Muxtarlıda mədə, ürək ağrılarının olduğunu bildirirlər. Onların deməsinə görə, jurnalist 20 kiloqramdan çox çəki itirib. AXCP sədrinin müavini G.Bayramlının isə hər iki dizində şiş olduğu söylənir. Vəkillərinin bildirməsinə görə, xanım siyasətçi çətin hərəkət edir və bir dəfə təcridxanada yıxılıb. Hər iki təqsirləndirilən şəxs təcridxanada həkim müayinəsindən keçirilib.
Məhkəmə iclaslarından sonra onların vəkilləri qərarla razılaşmadıqlarını, yuxarı məhkəmə instansiyasına şikayət edəcəklərini bildiriblər.
Oxunub: 240