Şahzadə Sultan bin Turki (mərkəzdə)
Son iki ildə Səudiyyənin Avropada yaşayan 3 şahzadəsi yoxa çıxıb. Hər üçünün Səudiyyə hökümətinə münasibəti tənqidi olub və hər üçünün oğurlanıb Səudiyyəyə aparıldıqları barədə dəlillər var…və bundan sonra onlardan bir xəbər olmayıb.
2003-cü ilin iyunun 12-də səhər tezdən Səudiyyə şahzadəsi Sultan bin Turki bin Əbduləziz avtomobildə, əmisi, mərhum kral Fəhdə mənsub olan və Cenevrə ətrafında yerləşən saraya gətirilib.
Kralın sevimli oğlu, şahzadə Əbduləziz bin Fəhd, Sultanı saraya səhər yeməyinə dəvət etmişdi.
Əbduləziz, Sultandan Səudiyyəyə qayıtmağı xahiş edir. Onun sözlərinə görə, orada sultanın tənqidi çıxışları ilə bağlı Səudiyyə rəhbərliyi ilə münasibətində əmələ gəlmiş gərginlik öz həllini tapmalı idi.
Sultan bu təklifdən imtina etdikdə isə, Əbdulaziz telefon zəngi etmək üçün otaqdan çıxır. Otaqdakı digər bir şəxs, Səudiyyənin İslami münasibətlər naziri, şeyx Saleh əl-Şeyx də eyni hərəkəti edir.
Bir neçə saniyədən sonra isə həmin otağa maskalı adamlar daxil olaraq, Sultanı döyüb əlini qandallayır və boğazına iynə vururlar.
Huşsuz vəziyyətdə Sultan Cenevrə aeroportuna gətirilir və orada gözləyən təcili tibbi yardım təyyarəsinə yerləşdirilir.
Hər halda, illər keçəndən sonra Sultanın İsveçrə məhkəməsinə verdiyi ifadələrdə hadisə belə təsvir olunub.
Sultanın Cenevrə otelinə geri qayıdacağını gözləyən ətrafı arasında isə onun kommunikasiya katibi Eddie Ferreira olub.
“Biz təhlükəsizlik komandası ilə əlaqə yarada bilmirdik. Biz şahzadə ilə əlaqə yaratmağa cəhd etdik, lakin o, cavab vermirdi”, – Eddie Ferreira xatırlayır.
Günorta isə oteldə Sultanın qaldığı nömrəyə iki gözlənilməz qonaq gəlir.
“Səudiyyənin İsveçrədəki səfiri və otelin baş meneceri bizə nömrəni boşaltmaq və oteli tərk etmək göstərişi verdilər, – Ferreira deyir. – Şahzadə artıq Ər-Riyadda idi. Bizim qulluğumuza artıq ehtiyac yox idi”.
Ailəsi tərəfindən Sultanın bu cür kobudcasına oğurlanmasına səbəb nə ola bilərdi?
Ötən il o, Avropaya tibbi müalicə keçmək üçün gələndən sonra verdiyi müsahibələrdə Səudiyyə hökümətini tənqid etməyə başlamışdı. O, ölkədə insan haqları durumunu pisləmişdi, şahzadələr və rəsmilər səviyyəsində korrupsiya hallarını qeyd edərək ölkədə islahatların keçirilməsinə çağırış etmişdi.
Kral Əbduləziz 1932-cii ildə Səudiyyə Ərəbistanını yaratdığı andan ölkədə mütləq monarxiya bərqərar olub və dissidentlərə qarşı dözümsüzlük nümayiş etdirilib.
Şahzadə Turki bin Bəndər bir vaxtlar Səudiyyə poilisinin mühüm fiquru olub, kral ailəsinin mühafizəsinə cavabdeh olub.
Lakin vərəsəlik mübahisəsinə görə yaranmış ailədaxili münaqişədən sonra o həbsxanaya düşür. Azadlığa çıxdıqdan sonra isə Parisə uçur və 2012-ci ildən YouTube-da Səudiyyədə islahatlara çağıran videolar yerləşdirməyə başlayır.
Səudiyyəlilərin buna reaksiyası şahzadə Sultanla olduğu kimi oldu. Onlar Turkini dilə tutub, geri qaytarmağa cəhd etdilər.
Daxili İşlər nazirinin müavini Əhməd əl-Səlim, ona telefon açanda, şahzadə telefon söhbətini yazıb internetdə paylaşdı.
Turki videoları 2015-ci ilin iyul ayına qədər dərc etməyə davam etdi.
Lakin sonradan o yoxa çıxdı.
“O, bir-iki aydan bir adətən mənə zəng edərdi, – fəal və bloqer dostu Vail əl-Xələf deyir. – Odur ki, dörd-beş ay ondan səs çıxmayanda, mən şübhələndim. [Sonra] Krallığın yüksək vəzifəli birisindən öyrəndim ki, Turki bin Bəndər onlardadır. Demək, onlar onu tutub oğurlayıblar”.
Uzun axtarışdan sonra bir Mərakeş qəzetində Turki barədə xəbərə rast gəldim. Xəbərdə deyilirdi ki, Mərakeşə səfərindən sonra Fransaya yola düşməyə hazırlaşarkən, o həbs olunub və Səudiyyənin xahişi ilə Mərakeş məhkəməsinin qərarı əsasında deportasiya olunub.
Turki bin Bəndərin başına nə iş gəldiyi barədə dəqiq məlumatımız yoxdur, lakin yoxa çıxandan əvvəl o, dostu Vailə yazdığı kitabı verərək, əlyazmaya belə bir məktub də əlavə etmişdi:
“Əzizim Vail, yazdığım bəyanatlar, mən oğurlana və ya öldürülənədək açıqlanmamalıdır. Bilirəm ki, onlar məni öldürəcək və ya oğurlayacaq. Onu da bilirəm ki, onlar necə mənim və Səudiyyə xalqının hüquqlarını pozur”.
Şahzadə Səud bin Səif ən-Nəsr
Turki yoxa çıxan dövrdə, kral ailəsinin daha bir üzvü eyni aqibəti yaşayıb – Avropa kazinolarını və bahalı otelləri xoşlayan şahzadə Səud bin Səif ən-Nəsr. O, Səudiyyə kral sülaləsi iyerarxiyasında nisbətən aşağı pillələrdə yer tutan birisi sayılır.
Səud, 2014-ci ildən bəri Səudiyyə monarxiyası barədə tənqidi ruhda yazılmış tvitlər paylaşıb.
O, Misirdə prezident Məhəmməd Morsinin devrilməsini dəstəkləmiş Səudiyyə rəsmilərinin mühakimə olunmasına çağırış etmişdi.
2015-ci ilin sentyabrında Səud bundan da irəliyə getdi.
Anonim Səudiyyə şahzadəsi tərəfindən kral Salmanı devirməyə çağıran iki məktub yazıldıqdan sonra, həmin çağırışı açıq şəkildə dəstəkləyən, kral ailəsi üzvlərindən yalnız Səud oldu.
Bu hərəkət dövlət xəyanətinə bərabər idi və ola bilsin ki, bununla o, özünə hökm oxumuş oldu.
“Mən ölkəni bu məktublarda yazılanları xalq təzyiqinə çevirməyə çağırıram”, – Səud öz Twitter səhifəsində yazmışdı.
Bundan sonra onun Twitter hesabına sükut çökdü.
2013-cü ildə Almaniyaya uçmuş digər bir şahzadə dissident – şahzadə Xalid bin Fərhan – hesab edir ki, Səud oğurlanıb.
O güman edir ki, Səud, bir Rusiya-İtaliya şirkətilə işgüzar danışqlar aparmaq üçün Milandan Romaya uçmağa dilə tutulub və yolda oğurlanıb.
“Səudu Romaya çatdırmaq üçün şirkətin özəl təyyarəsi göndərilib. Lakin təyyarə Romada yerə enməyib, əvəzində, Ər-Riyada uçub, – Xalid deyir. – Bu əməliyyatı Səudiyyə kəşfiyyatı qurub”.
“İndi şahzadə Səudun taleyi şahzadə Turkinin taleyi ilə eynidir… həbsxana zirzəmisi”, – o deyir.
Şahzadə Sultan, kral sülaləsi iyerarxiyasında daha yuxarılarda durduğundan həbsxana ilə ev dustaqlığı arasında var-gəl edib.
Lakin onun səhhəti pisləşdikdən sonra, 2010-ci ildə kral ailəsi ona ABŞ-da, Massachusetts ştatının Boston şəhərində müalicə kursu almağa icazə vermişdi.
Şahzadə Sultan ABŞ-da olduğu zaman İsveçrə məhkəməsinə cinayət törədilməsi barədə şikayət ərizəsi göndərdi. Həmin ərizədə o, 2003-cü ildə oğurlandığına görə şahzadə Əbduləziz bin Fəhdi və şeyx Saleh əş-Şeyxi ittiham etmişdi.
Onun amerikalı vəkili, Clyde Bergstresser, şahzadənin Ər-Riyadda yatdığı kral xəstəxanasından onun sağlamlıq durumu barədə qeydləri əldə edə bilmişdi.
Həmin tibbi sənədlərdə, şahzadə 2003-cü il iyunun 13-də xəstəxanaya gətirilərkən, nəfəsi ağzına yerləşdirilmiş boru vasitəsilə aldığı və zənn edildiyi kimi, hücuma məruz qalması nəticəsində diafraqmasının bir tərəfinin iflic vəziyyətdə olduğu qeyd olunmuşdu.
İlk dəfə olaraq, Səudiyyə kral ailəsinin yüksək vəzifəlisi, ailənin digər üzvünə qarşı cinayət işi qaldırmaq üçün Qərb məhkəməsinə şikayət etmişdi.
Lakin Bergstresser-in dediyinə görə, İsveçrə rəsmiləri tərəfindən bu işə göstərilən maraq zəif idi.
“Aeroportda nə baş verdiyini araşdırmaq üçün heç nə edilmədi, – o deyir. – Pilotlar kimi idi? Bu hadisə İsveçrədə törədilmişdi. Orada nə baş verdiyinin aydınlaşdırılmasına maraq göstəriləcəyini güman etmək olardı”.
2016-cı ilin yanvar ayında, Sultan, Paris otelində qaldığı zaman Səud bin Səif an-Nəsr kimi təyyarəyə oturmağa dilə tutulmuşdu.
O, Qahirədə atasına baş çəkməyə hazırlaşırdı. Onun atası da Səudiyyə hökümətinin tənqidçisi kimi ad qazanmışdı. Sultanı bu səfərdə ABŞ və Avropadan olan 18 nəfərdən ibarət komandası müşayiət etməli idi. Onların arasında həkimlər, tibb bacıları və mühafizəçilər var idi.
Səudiyyə konsulluğu şahzadəyə komandası ilə birgə uçuş üçün təyyarə ayırmağı təklif edir.
Şahzadə, 2003-cü ildə başına gələnlərə baxmayaraq, bu təklifi qəbul edir.
Bundan sonra hadisələrin necə inkişaf etdiyini, şahzadəni müşayiət edən heyətə daxil olan iki nəfər danışmağa razılıq verib.
Onlar adlarının çəkilməsini istəməyib.
“Biz uçuş zolağına çıxdıq, qarşısımızda böyük bir təyyarə dayanmışdı.. üzərində təyyarənin Səudiyyə Ərəbistanına məxsus olduğu yazılmışdı,” – onlardan biri deyir.
“Təyarənin göyərtəsində xeyli sayda heyət üzvü var idi – hamısı kişi idi. Cansıxıcı bir vəziyyət idi”, – o birisi davam edir.
Təyyarə havaya qalxanda göyərtədəki monitorlar uçuşun Qahirəyə olduğunu göstərirdi.
Lakin sonradan monitorlarda təsvir pozuldu və bu 2,5 saat davam etdi.
Uçuş zamanı ona ayrılmış otaqda yuxulayan şahzadə Sultan enişə bir saat qalmış oyandı.
Pəncərədən aşağıya baxandan sonra o, narahat olmağa başladı, komandasının keçmiş üzvləri deyir.
Başa düşəndə ki, onlar Səudiyyə Ərəbistanına enməyə hazırlaşır, Sultan pilot kabinəsini döyməyə və qışqıraraq köməyə çağırmağa başladı.
Yerə endikdən sonra təyyarəni silahlı əsgərlər mühasirəyə aldı.
Əsgərlər və təyyarənin uçuş heyəti Sultanı sürüyərək təyyarədən bayıra çıxardılar. Şahzadə, qışqıraraq öz adamlarına ABŞ səfirliyinə zəng etməyi tapşırdı.
Şahzadə və onu müşayiət edən həkimləri silahlı əsgərlərin keşik çəkdiyi malikanəyə apardılar.
Şahzadəni müşayiət edən komandanın qalan üzvləri isə bir müddətdən sonra otelə aparıldı.
Onlar orada 3 gün ərzində pasportsuz və telefonsuz saxlanıldı.
Sonradan, şahzadəni müşayiət edən adamlara istədikləri yerə uçmağa icazə verildi.
Onlar Səudiyyəni tərk etməzdən əvvəl bir səudiyyəli rəsmi onlara üzrxahlıq bildirib.
“O dedi ki, biz, sadəcə, yanlış vaxtda yanlış yerdə olmuşuq. Və narahtlıq yarandığına görə üzr istədi”, şahzadənin komandasının keçmiş üzvlərindən biri deyir.
“Lakin söhbət narahatlıqdan getmir – bizi oğurlamışdılar. Mən istəyimə zidd olaraq seçmədiyim ölkəyə gətirilmişdim”, – başqası əlavə edir.
Bu, heyrətli bir vəziyyət idi. Şahzadə Sultanla birlikdə 18-ə yaxın xarici vətəndaş oğurlanaraq Səudiyyə Ərəbistanına gətirilmişdi və Səudiyyə hərbiyyəsi tərəfindən saxlanılmışdı.
Həmin hadisədən sonra şahzadə Sultan barədə heç bir xəbər yoxdur.
Mən filmim üçün Sədiyyə Ərəbistanı rəsmilərindən ittihamlara cavab verməyi xahiş etmişdim. Onlar məsələni şərh etməkdən boyun qaçırdı.
Şahzadə Xalid
Bu arada isə, şahzadə Xalid hələ də Almaniyada mühacirətdədir. O, Ər-Riyada zorla qaytarılacağından ehtiyat edir.
“Kral ailəsi üzlərindən dördü Avropada idi. Biz ailəni və Səudiyyə Ərəbistanında tətbiq olunan üsul-idarəni tənqid edirdik. Dördümüzdən üçü oğurlandı. Yalnız mən indi qalmışam”, – o deyir.
Oğurlanacaqlar siyahısında növbə ona çatmayıb ki? .
“Mən buna əminəm. Onların imkanı olsa, elə indicə məni oğurlayıb apararlar. Çox ehtiyat edirəm. Amma nə etmək olar, azadlığın qiyməti baha olur”. (BBC)
Oxunub: 594