Əli Kərimlinin qaynı Elnur Seyidovun bibisi dünyasını dәyişdi
Bu gün dünyadan bir qadın köçdü. Çoxlu sayda kimyaçı və həkimlər yetişdirən əməkdar müəllim İmarət Seyidova. Namusu, qeyrəti, insanlığı ilə hər kəsdə hörmət yaradan qadın. Bu qadın 5 illik ailə həyatından sonra övladı olmadığına görə çox sevdiyi həyat yoldaşını tərk etdi, onun mənafeyi naminə. Bunu zorla etdi, kişinin iradəsi əleyhinə, onun başqa qadınla övlad sahibi olub xoşbəxt olması üçün. Sonra bir daha ailə qurmadı vә qardaşı övladlarına sarıldı öz övladları kimi. Bütün həyatını, hər şeyini fəda etdi onlar üçün. Onlar da onu analarından da çox sevdi. Zatən sevməmək mümkün deyildi ki, onu. Bax belә, 6-cı ildir ki, nahaq yerə həbsxana həyatı yaşayan Elnur Seyidovun “anası” bu gün Elnur deyə-deyə birdəfəlik gözünü yumdu. Hakimiyyət növbəti namərdliyini də etdi. Elnuru himayəsində olan, doğma anası qədər ona analıq etmiş bibisinin dəfninə buraxmadılar.
Ömründə bir qarışqa da tapdamayan, həmişə hər kəsə yaxşılıq edən, hətta pis adamların da qeybətini etməyən bu qadını arzusuna çatmadan öldürdülər. Bu gün onu dəfn edəndə, yayın bu istisində 1 dəqiqə ağ yağış yağdı üzərinə. Ömru boyu namaz qılmayan, oruc tutmayan, amma təpədən dırnağa qədər Allaha, vicdana, ədalətə, xeyirə inanan bu qadının üzərinə tanrı nur yağdırmış, onu nura qovuşdurmuş. Nur içində yat gözəl insan. Övladların heç vaxt unutmayacaq səni, çünki çox dərin iz buraxmısan onların qəlbində.
Oxunub: 524