Avqustun 16-da Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Fuad Əhmədlinin şikayətinə baxılıb.
Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış edib. O, F. Əhmədlinin çalışdığı “Azerfon” şirkətinin (“Nar Mobile”) rəhbərinin məhkəmədə dindirilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkil birinci instansiya məhkəməsində iclas protokolları yazılarkən ifadələrin təhrif olunduğunu, Fuad Əhmədlinin vəzifəli şəxs olmadığını və bu səbəbdən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilən ittihamın əsassız olduğunu deyib. Bildirib ki, cinayət işi siyasi motivlidir:
“Fuad Əhmədli ilə şirkət arasında bağlanmış müqavilədə də yazılıb ki, onun işi operator kimi, müştərilərin suallarına cavab verməkdən ibarət olub. Konstitusiya Məhkəməsinin qərarında da aydın yazılıb ki, kimlər vəzifəli şəxs hesab oluna bilər. Fuadın istifadəsində məxfi məlumatların əldə olunmasına imkan verən avadanlıq olmayıb, yalnız ümumi kompüter olub. İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama dörd il iş veriblər. Zərərçəkmiş kimi tanınan Samir Xəlilov özü satış meneceridir, internetdə telefon nömrəsini paylaşıb. Fuada ittiham verilib ki, onun ad-soyadını deməklə ziyan vurmusan”.
İclasda Fuad Əhmədli də çıxış edib. O, birinci instansiya məhkəməsinin iclas protokollarında şəxsən onun özünün ifadəsinin də təhrif olunduğunu söyləyib. Bildirib ki, onun istifadəsində hansısa məxfi məlumatlar olmayıb ki, onu kiməsə ötürsün:
“Əgər “Azerfon” şirkəti müştərilərlə bağlı məlumatların yayılmasına belə həssas yanaşırsa, o zaman niyə 3-5 aylıq işçilər cəlb edib, bütün bazanı onların istifadəsinə verir? Mövsümi işçilərin niyə cəlb olunduğu da bəllidir”.
Onun çıxışından sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib və hökm qüvvəsində saxlanılıb. (rakurs.tv)
Oxunub: 284