Ötən həftə külək enerjisinin əldə edilməsi üçün istifadəyə verilən külək turbinlərinin işləməməsi ilə bağlı məlumat vermişdik. Külək turbinlərinin pərlərinin işlək halda olmamasının səbəbini açıqlayan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildirilmişdi ki, bu avadanlıqlar təmirlə əlaqədar olaraq işləmir.
Sual yaranır ki, bu avadanlıqlar həqiqətənmi işləmir? İşləmirsə niyə işləmir? Axı külək turbinləri uzun müddət deyil istifadəyə verilib…
Məsələ ilə bağlı BakuPost.az-a danışan mütəxəssis Qasım Osmanov bir çox məsələlərə aydınlıq gətirib. 8 il Səngəçal Su Elektrik Stansiyasında baş mühəndis vəzifəsində çalışan Q. Osmanov külək turbinlərinin işlək vəziyyətdə olmamasının təmirlə əlaqələndirməsini cəfəngiyat adlandırıb: “Elektrik stansiyalarında iki cür generatorlar var: sinxron və asinxron. Sinxron generatorlar avtonom işləməsi üçün nəzərdə tutulub. Asinxron generatorlara isə aktiv enerji istehsal etmək üçün şəbəkədən reaktiv enerji lazımdır. Azərbaycana gətirilən və quraşdırılan generatorların hamısı asinxron generatorlardır. Asinxron generatorların daim işlək halda olması üçün şəbəkədən reaktiv enerji verilməlidir. Şəbəkəyə qoşulmasa, bu generatorlar işləməyəcək. Məhz buna görə də elektrik enerjisi nisbətən baha başa gəlir. Azərenerji də bu generatorları öz şəbəkələrinə qoşmur”.
Mütəxəssis bildirir ki, əslində, pərləri fırlanmayan külək turbinləri işlək vəziyyətdədir. Sadəcə generatorlar asinxron olduğundan və həmin külək turbinləri şəbəkəyə qoşulmadığından işləmir. Ekspert hesab edir ki, asinxron generatorlara ayrılan pullar elə “küləklə havaya sovrulub”.
Oxunub: 248