Freedom House-un sabiq prezidenti və hazırda Florida Beynəlxalq Universitetinin baş elmi əməkdaşı David Kramer Amerikanın Səsinə müsahibədə Azərbaycan hökumətinin pulyuma əməliyyatları, ölkədə pisləşən insan haqları durumu və Qərbin mümkün ölçüləri haqda danışıb, O, Azərbaycan rəsmilərini sanksiyalarla hədəf almağın vaxtının yetişdiyini bildirib.
Amerikanın Səsi: Siz Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın 2.9 milyard dollar həcmində pulyuma əməliyyatları ilə bağlı araşdırması ilə tanışsınız. Bu situasiya bir az fərqlidir, çünki o, təkcə Azərbaycan rəsmilərini yox, habelə avropalı siyasətçiləri ifşa edir. Ortaya çıxanlar Avropa təsisatlarının və ümumilikdə Qərbin etimadı üçün nə dərəcədə ziyanlıdır?
David Kramer: Bu, ilk dəfə deyil ki, qərbli siyasətçilərin Azərbaycandan rüşvət alması haqda iddialar meydana çıxıb. Avropa Stabillik Təşəbbüsünün rəhbəri Cerald Naus bir neçə il öncə Qərb rəsmilərinin bu cür korrupsiyaya bulaşmasını “kürü diplomatiyası” termini ilə təsvir etmişdi. Bu son hesabat dərin və detallı araşdırmadır. O, Avropa Şurasının və habelə Britaniya bank sisteminin çatışmazlıqları haqda ciddi suallar qaldırır. Britaniyanın nizamlama sistemi və bu şirkətlərin pulların köçürülməsi üçün necə formalaşması da ciddi suallar doğurur.
Amerikanın Səsi: Azərbaycan Avropa Şurasına daxil olduqdan bəri hər ötən il insan haqları ilə bağlı durum daha da pisləşib. Ölkədə siyasi məhbusların sayı artıb və Avropanın narahatlıqlar ifadə edən bəyanatları və çağırışları effekt verməyib. Qərbin Azərbaycanda demokratiyaya sədaqətini sual altına alan azərbaycanlıya nə deyərdiniz?
David Kramer: Mən razıyam ki, biz Azərbaycan xalqının ümidlərini doğrultmamışıq. Və biz deyəndə, söhbət təkcə Avropadan yox, həm də ABŞ-dan gedir. Biz qətiyyən kifayət qədər ölçü götürməmişik. Azərbaycanda siyasi məhbusların sayı Rusiya və Belarusdakıların ümumi sayından çoxdur. Halbuki biz həmin bu ölkələrə sanksiyalar tətbiq etmişik. Sabiq prezident Barak Obamanın qanuna imzaladığı Qlobal Maqnitski Aktı ABŞ-a insan haqlarını pozan, korrupsiyaya bulaşan Azərbaycan rəsmilərinə sanksiyalar tətbiq etmək vasitələri bəxş edir. ABŞ-ın Qlobal Maqnitski Aktından Azərbaycan rəsmilərinə qarşı istifadə etməsinin vaxtı yetişib. Eyni zamanda bu, korrupsiya əməllərinin hədəfinə çevrilmiş Avropa üçün geri vurmaq və Azərbaycan rəsmilərinə davranışlarının qəbuledilməz olduğunu çatdırmaq fürsəti ola bilər. Ən azı Azərbaycan xalqına siqnal göndərilər ki, Qərb onların tərəfindədir.
Amerikanın Səsi: Necə ola bilər ki, bir vaxtlar Soyuq Müharibənin sınaqlarından çıxmış Avropa Şurası kimi təsisatlar bu cür manipulyasiyalara məruz qalır? Avropa demokratiyası böhran keçirirmi?
David Kramer: Şübhəsiz, Avropanın öz probleməri var. Əlbəttə, kürü diplomatiyası Avropa Şurasının korrupsiya qarşısında necə aciz olduğunu nümayiş etdirdi. Avropa Şurası özünün necə dizşsiz qurum olduğunu göstərib. Təkcə Azərbaycanla bağlı yox, başqa sahələrdə də. Avropanın ölkələri cavabdeh tutması ilə bağlı çətinlikləri var. Biz buna oxşar trendləri Macarıstanda və Polşada demokratiyanın geriləməsi qarşısında sərgilənən mövqedə sezirik. Bununla mən qətiyyən demək istəmirəm ki, bu ölkələrdəki durum Azərbaycanla ümumiyyətlə müqayisə oluna bilər. Bu növ pozuntular baş verir. Və nə qədər ki, Əliyev rejimi Avropa və ABŞ qarşısında bədəl odəməyib, o bu cür fəaliyyətlərini davam etdirəcək.
Amerikanın Səsi: Bakı habelə Vaşinqtonda aktiv lobbiçilik fəaliyyəti ilə məşğul olub. Azərbaycan hökuməti Podesta Qrupu və başqa görkəmli firmalarla işbirliyi qurub. Biz oxşar tapıntıları Amerika cəbhəsində də gözləyə bilərikmi? Azərbaycan pulu Amerika siyasi landşaftına da təsir göstəribmi?
David Kramer: Bir neçə il öncə 10 ABŞ konqresmeni Azərbaycana tam maliyyələşdirilmiş səfərə getmişdilər Onlara orada bahalı xalçalar və başqa hədiyyələr verilmişdi. Azərbaycanın Konqresə və başqalarına təsir göstərməsinə dair narahatlıqlar var. İstər Buş, istər Obama, istərsə də Tramp administrasiyası insan haqları pozuntuları məsələsində güclü mövqe sərgiləməyiblər. Vəziyyət Ukraynada Maydan İnqilabından sonra lap pisləşdi. 2013-cü ildə İlham Əliyev jurnalistlərə və fəallara qarşı iyrənc kampaniyaya başladı. Bu kampaniya hətta xarici qurumları da əhatə edirdi. 2013-cü ildən bəri situasiya bir qədər də pisləşib. Hər nə səbəb olursa olsun, Qərb bu sahədə güclü mövqe sərgiləməyib.
Amerikanın Səsi: Azərbaycanda siyasi atmosferin yaxşılaşdırılması üçün nə kimi tədbirlər görülə bilər?
David Kramer: Qərb az qala gündəlik normaya çevrilmiş insan haqları pozuntularını qəti şəkildə pisləməlidir. Mən Dövlət Departamentinin Turan İnformasiya Agentliyinin Direktoru Mehman Əliyevlə bağlı yaydığı bəyanata baxdım. Bu, çox elə diqqət cəlb etməyəcək. Bu cür bəyanatlar yüksək rütbəli rəsmilərin dilindən səsləndirilməlidir. Ortada Qlobal Maqnitski Aktı var ki, ABŞ bundan istifadə edərək insan haqları pozuntuları və korrupsiyada bulunan Azərbaycan rəsmilərini təqib etməlidir. Bu sırada viza qadağaları, vəsaitlərin dondurulması var. Pulyuma haqda hesabatda söhbət qeyri-qanuni yolla mənimsənilmiş, dövlət büdcəsindən oğurlanmış pullardan gedir. Bu pulların aşkar edilib üzə çıxarılması, onların sahiblərinin cavabdeh tutulması faydalı olardı. Biz OCCRP kimi bu növ hesabat hazırlayan təşkilatları dəstəkləməliyik – o təşkilatlar ki, Əliyevin hücumlarına məruz qalır. Üzə çıxan yanlışlıqları araşdırmağa söz vermək əvəzinə, Azərbaycan rəsmiləri qanun pozuntularını aşkar etmiş insanlara hücum edirlər.
Oxunub: 1518