Səadət Cahangir
Üç gündür bütün Avropa bizdən danışır. Mövzunu özünüz bilirsiniz. Söhbət hökumətin 3 milyard dollara yaxın pulumuzu götürüb dədə malı kimi xarici ölkələrdəki lobbiçilərinə xərcləməsindən gedir. İndi “bu Avropa da az aşın duzu deyil” deyənlərin səsi daha ucadan eşidilir. Razıyam. Həm də ona görə ki, orda günlərin birində hökmən belə fırıldaq işlərin üstünü açıb, o rəzalətə qol qoyan adamların ciyərini çıxarırlar. Amma bizdə həyat, sanki, elə belə olmalıymış kimi davam edib gedir…
Bu felyetonu Üzeyir Hacıbəyovdan əvvəllər də misal gətirmişəm. “Biz ilə yevropalıların təvafütü” adlı o felyetonun qısa məzmunu belədir:“…Ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür… halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…
Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…
Onlar əvvəl adam imişlər ki,
indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,
indi adam olmaq istəyirik?”
Əslində, elə əvvəllər biz də Üzeyir bəy deyən kimi adam olmuşuq. Hələ keçən əsrin əvvəllərində mübarizə aparmışıq, cümhuriyyət qurmuşuq, intellektual nəsil yetişdirmişik opera yazmışıq, teatr açmışıq. Sonra quş olmaq da istəmişik, sadəcə, gücümüz çatmayıb, qanadlarımız qırılıb düşüb. O üzdən yenidən illərimizi əvvəlki adam halımıza qayıtmağa sərf etmişik. Ortaya gəlib çıxan şəklimiz də bu ortada olandır. Biz niyə beləyik? Niyə geri qalırıq? Niyə sivil xalqların cərgəsinə qoşula bilmirik? Bu suallar haqqında o qədər yazmışıq ki, daha yazdıqlarımız özümüzü də bezdirib. Bircə o şeyi təkrarlamaq istəyirəm ki, biz yatanda daş kimi yatırıq. Ayağa qalxıb yola çıxmağımız da uzun bir vaxt aparır. Tam da Molla Nəsrəddinin lətifəsində deyildiyi kimi… Yoldan keçən biri tarlada çalışan Molladan soruşur ki, “qarşıdakı kəndə neçə saata gedə bilərəm?” Molla suala cavab vermir. Adam sualı üç dəfə təkrarlayır, cavab almayınca yoluna davam edir. Bir az gedəndən sonra arxadan Mollanın səsini eşidir: “Oğul, üç saata ora çatarsan”. Adam əsəbi şəkildə: ” Bunu bilirdiniz, başdan söyləsəydiniz”- deyir. Molla cavab verir: “Mən sənin necə yeridiyini haradan bilə bilərdim ki…”
İndi, qardaşlar, dünya ilə ayaqlaşmaq istəyirsinizsə, ayağınızı dəng alın. Gözünüzün yuxusunu qovun, ayılın, hərəkətə gəlin. Yoxsa bu gedişlə biz 3 saatlıq yolu 3 ilə də gedib başa çıxa bilmərik, vallah.
Oxunub: 254