BAZARA ‘KÖHNƏ HAVA’ İLƏ GƏLƏNLƏR
Sənan Şıxəliyev Ağcabədidən Bakıya maşın almağa gəlib. Özü demişkən, ucuz qiymətə “Çeşka” almaq istəyir – “C-Class” Mercedes:
“Belə düşünürəm ki, ala bilməycəyik”.
Sənan əvvəl Sumqayıtdakı maşın bazarına gedib. Deyir, orda qiymətləri “ceyranın belində” görüb, bundan sonra üz tutub paytaxtın maşın bazarına:
“5-6 ay qabaq olan qiymətlə müqayisədə bahadı. Baxırıq, tapa bilsək alacağıq”.
Devalvasiyadan sonra ölən maşın alveri yenə qızışıb.
Satıcı Anar Əliyev deyir ki, aya 3-4 maşın sata bilir.
Amma gileylənir ki, çox adam maşın bazarına 2 il əvvəlin havasıyla gəlir:
“Camaat öyrəşib, məsələn, devalvasiya vaxtı on min manata idi hansısa maşın, indi 15 min manatadı. O vaxt manat qiymətdən düşəndə qısa bir müddətdə maşınlar da ucuzlaşdı. Caamat o qısa dövrün ab-havası ilə maşın axtarır. O qiymətə də artıq maşın yoxdu”.
BENZIN BAHALAŞANDAN SONRA
Bəs benzinin bahalaşması necə təsir edib bazara? İyulun 15-də Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qalxıb.
Satıcı Arif Fətəliyev deyir ki, qiymətin düşməsi gözlənilmir:
“Biz dəfikirləşirdik ki, benzinə görə qiymət düşər, amma əksinə oldu.”
Qiymətin yenə düşəcəyinə ümid edib tələsməyən də var,
Özünü Əli kimi təqdim edən başqa bir alıcı deyir ki, iki aydı cibinə uyğun maşın axtarır.
“Alacağıq, söhbəti yoxdu, amma baxırıq hələ, qiymət sərf eləmir”.
UCUZLUQ YARATMAQ ÜÇÜN TƏKLİFLƏR
İqtisadçı Natiq Cəfərli də deyir ki, benzinin bahalaşmasından sonra maşınların ucuzlaşması məntiqli olardı, amma, onun fikrincə, Azərbaycanda bunun baş verməməsinin öz səbəbləri var.
İqtisadçı düşünür ki, cəmiyyətdə yeni devalvasiyanın olacağı, hər şeyin bahalaşacağı gözləntisi var.
Bununla belə Natiq Cəfərli hesab edir ki, avtomobil bazarında ucuzluq yaratmaq mümkündür, amma, onun qənaətincə, hökumətin buna gedəcəyinə ümid azdır.
“Ən asan yollatrdan biri aksiz vergilərini və gömrük rüsumlarını aşağı salmaqdır. Amma hökumətin bu addımı atacağını düşünmürəm. Çünki Gömrük Komitəsinin də dövlət büdcəsinə bəlli miqdarda ödəniş etmək öhdəliyi var. Onlar rüsumu aşağı salmazlar”. (azadliq.org)
Oxunub: 1136