Yaxın günlərdə Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından iki nəfərin- general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirə abidənin açılışı olub. Açılış mərasimində Azərbaycan tərəfinin təmsilçiləri ilə bərabər, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin, Polşa Parlamentinin, Veteranlar Təşkilatının tanınmış nümayəndələri də iştirak edib. Adları tariximizin ən şərəfli səhifələrində yer alan bu iki şəxsin xatirəsinə məhz Varşavada abidə ucaldılması təsadüfidirmi? Əlbəttə, yox.
Məlumat üçün xatırladaq ki, Süleyman bəy Sulkeviç (Matsey Aleksandroviç Sulkeviç) 1919-cu ilin mart ayından 1920-ci ilin fevral ayınadək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsini tutub. Milli ordunun zabiti Vəli bəy Yadigar isə 1920-ci ildə Azərbaycanın işğalından sonra Polşaya mühacirət edib. Orda Mazovetski süvari briqadasının qərargah rəisi vəzifəsində çalışıb, polk komandiri kimi Varşava üsyanının iştirakçısı olub və misilsiz xidmətləri ilə adını bu xalqın tarixinə də yazdırıb.
Bəs tarixi şəxsiyyət olaraq kimdir Vəli bəy Yadigarov? Adı hansı ailədən gəlir, tarixdə hansı xidmətləri olub? “Vikipedia”da cümhuriyyətçi hərbçinin həyat yolu haqqında getmiş hekayətin əsas məqamlarını oxucularla paylaşmaq istədik. Onu siz də yaxından tanıyın…. Vəli bəy 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olub. Bu nəsildən 1918-1920-ci illərdə Milli Orduda səkkiz zabit xidmət edib: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy ilk hərbi təhsilini 1909-1916-cı illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildən Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməyə başlayıb. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet məşhur Brusilov hücumunda iştirak edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra, sentyabr ayından Milli başlayaraq, Vəli bəy Orduda korpus komandirinin yanında eskadron komandiri olub. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilib. 1921-ci ilin martına qədər bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada “Armiya krayova” xalq ordusunda süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.
Polşada çıxan “Jiçe Varşavı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigar haqqında yazır: “Ötən şənbə Varşava qəbristanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır. Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci Ulan alayının zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızına evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar. Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir. Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, on doqquz il əvvəl – 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı – Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır.”
Saadet Cahangir
Oxunub: 826