Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ərzaq malları, qida məhsulları idxalı ciddi şəkildə artıb. Ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşdüyü bir zamanda əksər mal qrupları üzrə idxalda artım var. Bu daxili istehsalın ciddi azalması ilə əlaqədardır. Daha çox artım heyvandarlıq məhsullarında özünü göstərir. Belə ki, 2016-cı ilin 8 ayı ərzində ölkəyə 20,3 milyon dollar dəyərində ət, 61,3 milyon dollar dəyərində süd və süd məhsulları, 14,9 milyon dollar dəyərində kəsim üçün diri heyvanlar idxal olunmuşdursa, 2017-ci ilin 8 ayı ərzində ət idxalı 2,2 dəfə artaraq 42,9 milyon dollar, süd və süd məhsulları idxalı 36 faiz artaraq 83, 4 milyon dollar, kəsim üçün diri heyvanların idxalı isə 74 faiz artaraq 25,9 milyon dollar təşkil etmişdir. Hakimiyyətin apardığı yarıtmaz siyasətin nəticəsidir ki, heyvandarlıq məhsullarının idxalı artır, istehsal isə azalır. Son 2 ildə 150 min hektar örüş və təbii biçənək ərazilərini əkinə verdilər, 20 min hektar çoxillik yem bitkiləri (yonca) sahələrini ləğv etdirib yerində pambıq əkdirdilər. Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı. Qeyd etməliyəm ki, 2016-cı ilin 8 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 21,2 milyon dollar vəsait əldə olunduğu halda, eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 55,7 milyon dollar vəsait xərclənmişdir. Gördüyünüz kimi pambıqdan gələn gəlirdən 2,6 dəfə çox heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarılıb.
P.S. Keçən il pambığın məhsuldarlığı son 5 ildə ən aşağı səviyyəyə düşmüşdür – hektardan 17,3 sentner məhsul əldə olunmuşdur.
Oxunub: 404