Bu kontrakt üzrə nəzərdə tutulan 40 milyardlıq investisiya məbləğinin 25 faizini SOCAR yatıracaq
Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri
Azəri-Çıraq-Günəşli(AÇG) yatağının istismarı üzrə ikinci neft müqaviləsinin imzalanması diqqəti çəkən hadisədir. Birinci müqaviləyə 7 il əvvəldən xitam verilməsi düşündürücüdür. Bunun əsas səbəbləri siyasidir, yoxsa iqtisadi sualı da müzakirələrdə ən çox səsləndirilə bilən sual olacağını nəzərə alaraq fikrimi iqtisadi şərtlər üzərində cəmləməyə çalışacam. Amma bunun üçün ilk növbədə ACG yatağının istismarı üzrə ikinci neft müqaviləsinin imzalanması hansı zərurətdən irəli gəlməsi sualı cavablandırılmalıdır.
Məlumat üçün qeyd edim ki, AÇG yatağının istismarı üzrə birinci neft müqaviləsinin imzalanarkən bu yataqda 511 milyon ton neft olması proqnozlaşdırılmışdı. Bu ilin 1-ci yarısına olan məlumata görə onun 430 milyon tonu artıq çıxarılıb. Bu il üçün həmin yataqda hasilatın 28 milyon ton olması gözlənilir. Onda bu gedişlə 1-ci saziş üzrə neft hasilatı 4-5 ilə yekunlaşmalı idi. Amma son proqnozlar göstərdi ki, yatağın dərin sulu laylarında 550 milyon ton neft qalıb. Lakin bunun üçün əlavə 40 milyard dollar investisiyaya ehtiyac vardır. Bu investisiyaları şirkətlər qoymalıdır. Burda ən böyük öhdəliyi BP götürüb, gözlənilən məsrəflərin 35,78 faizini bp maliyyələşdirəcək. Hasilatın pay bölgüsü kontraktının şərtlərinə görə, şirkətlər hasilatdan əldə etdikləri gəlirləri ilk növbədə məsrəflərin örtülməsinə yönəldirlər. Artıq bu xərclər tam ödəniləndən sıfırıncı səviyyə çatandan sonra mənfəət neftinin Azərbaycan dövlətinin xeyrinə bölgüsü sxemi işə düşəcək. Birinci kontrakt üzrə sıfırıncı səviyyə 2008-ci ilin ilk rübündə qeydə alınmışdı. Ondan sonra isə rentabellik səviyyəsinə müvafiq olaraq mənfəət neftinin 55/45 faiz və çox keçmədən isə 70/30 faiz sxemi işə düşmüşdü. Amma Azərbaycana çatacaq mənfəət neft heç vaxt 80 faiz təşkil etməmişdi. Çünki, 1-ci kontraktda 80/20 faiz sxemi daşınma xərcləri 1 barrel üçün 3 dollardan az təşkil edəcəyi halda nəzərdə tutulurdu və Azərbaycan neftinin daşınma xərcləri həmişə 1 barel üçün 3 dollardan yuxarı olub.
İkinci kontraktın detalları barədə məlumat olmadığından orda mənfəətin bölüşdürülməsi sxemi barədə danışmaq çətindir. Yeganə olaraq, bp-nin verdiyi məlumata görə, yeni sxem ən yaxşı halda 75/25 faiz nisbətində olacaq. Amma bizdə həmin sxemlə mənfəət neftinə nə zaman çıxacağımız barədə məlumat yoxdur. Əgər 1-ci kontraktda məsrəflərin örtülməsi üçün sıfırıncı səviyyə 11 ildən sonra (çünki 1-ci kontrakt üzrə neftin çıxarılmasına 1997-ci ildən başlanılmışdı) baş vermişdirsə, ikinci kontrakt üzrə hətta bu müddəti əsas götürsək, onda sıfırıncı səviyyəyə 2028-cu ildən tez çata bilməyəcəyik. Bu səviyyəyə nail olmadan isə ikinci kontraktdan əhəmiyyətli gəlir gözləməyə dəymir.
Fikrimcə, ikinci kontraktda hasilatın xərcləri daha tutumlu olacaq və çox vaxt aparacaq. Çünki, bu kontrakt çərçivəsində neft daha dərində yerləşən laylardan çıxarılmalıdır. Bu, çox şübhəsiz, həm hasilat xərclərini, həm də müddətini artıracaq.
Burda diqqəti cəlb edən vacib məqamlardan biri də ikinci kontrakt üzrə nəzərdə tutulan 40 milyardlıq investisiya məbləğin 25 faizini SOCAR-ın sərmayə etməsidir. Bu isə o deməkdir ki, SOCAR bu yatağa əlavə olaraq 10 milyard dollar investisiya yatırmalı və mənfəət neftindən də əsas payını 10-15 ildən sonra əldə etməlidir. Çox güman ki, ikinci kontraktda SOCAR-ın payı Dövlət Neft Fondundan maliyyələşəcək. Belə olan halda da Dövlət Neft Fonduna yığılmış neft pullarının üçdə biri yaxın 10 ildə yenidən neft bölməsinə sərmayə ediləcək.
Deməli, bu kontraktın imzalanmasında əsas məqsəd AÇG yatağının istismarına əlavə sərmayələr cəlb etməklə Azərbaycanın neft hasilatının kəskin azalmasının qarşısını almaqdır. Bu isə həm Azərbaycan dövlətinə, həm də şirkətlərə 10 milyardlarla vəsait hesabına başa gələcək. Eyni zamanda unutmayaq ki, 40 milyard sərmayə proqnoz göstəricidir. Neft kontraktlarının həm Qazaxıstan, həm də Azərbaycan təcrübəsi göstərir ki, bu məbləğ dəfələrlə arta bilər. Belə ki, AÇG yatağının işlənməsi üzrə 1-ci müqavilə bağlanarkən ora 7,4 milyard dollar sərmayə qoyulacağı nəzərdə tutulurdusa, sonrakı hesablamalarda bu məbləğ 11,2 milyard dollar qədər atırılsa da, ən son məlumatlara görə, faktiki olaraq bu yatağın işlənməsinə 33 milyard dollar sərmayə yatırılıb. Unutmayaq ki, xarici şirkətlər AÇG yatağının işlənməsinə xüsusi vəsaitlərini deyil, cəlb edilmiş kredit vəsaitlərini qoyurlar və Azərbaycan neftindən əldə edilən gəlirdən nəinki şişirdilmiş xərclərini, hətta götürdükləri milyardlarla dollar kreditlərə görə faiz xərclərini çıxırlar.
Yenə də çox şey neftin dünya bazar qiymətindən asılı olacaq. Əgər yaxın 10 ildə qiymətlər bahalaşarsa, o halda ikinci müqavilə özünü doğrulda və riskləri azalda bilər.
Yazı müəllifin FB profilindən götürülüb.
Oxunub: 582