“Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP sədrinin müavini Seymur Həzi həbsxanadan İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Cənab prezident, bugünlərdə sizin daha bir neçə milyardlıq bəd əməllərinizin üstü açılıb. Qərblilərə milyardlar xərcləyib ölkənin gələcəyini məhv etmək imkanı əldə etmisiniz. Bu, ən dəhşhətlisi deyil. Ən dəhşətlisi odur ki, ictimai rəy bu məsələdə həmin o qərbliləri sizdən daha şox qınayır. Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qebul edir. Ən dəhşətlisi budur.
Siyasət əlaqəsi qurmalı olduğunuz bütün mərkəzlərdə rüşvət verəcək birilərini tapmısınız və cinayət əlaqəsi qurmusunuz. Rəsmi və qeyri-rəsmi televiziya kanallarınıza baxmaq bəs edir ki, dünyanın dörd tərəfini ölkə ilə düşmən etdiyiniz bəlli olsun. O qədər “müdrik” siyasət yürüdürsünüz ki, bütün dünya, sizin təbirinizcə dəsək, “ermənipərəst”dir. Hərbi və siyasi manevrlərinizin yanlışlığından Rusiya Ermənistanla iki hərbi-strateji müqavilə bağlayıb – 50 illik ittifaq və birgə qoşun komanda mərkəzi barədə. Ölkədə mənəvi əhval-ruhiyyə o həddə çatıb ki, məktəblidən pensionerə qədər hamı sizin zülmünüzə düçar qalır. 20 Yanvarda, Qarabağ döyüşlərində sinəsini imperianın, “rus gülləsi”nin qabağına verən insanlar indi ədalət uçün qaniçən imperiyanı arzulayır.
Sosial-iqtisadi vəziyyət barədə yalnız bir fakt demək kifayətdir ki, 10 milyonluq ölkədə milyon yarımdan çox insanın banklarınıza kredit borcu var. Heç orta əsrlərdə xalqın feodallara borcu indi sizə və oliqarxlara olan borcu qədər olmayıb. Unutmayın, sizin də onlara borcunuz var. Keçmişlərinin, bu günlərinin və gələcəklərinin, bir sözlə, qəsb etdiyiniz hər şeyin əvəzini bu xalqa borclusunuz və mütləq verəcəksiniz.
Oxunub: 1466