«The Economist» jurnalı sonuncu sayının üz qabığına Rusiya prezidenti Vladimir Putin-in çar obrazında şəklini yerləşdirib. Bu sayın çıxması Oktyabr inqilabının yüzilliyinə təsadüf edib.
«Çar inqilabdan 100 il sonra doğulub», – jurnalın üz qabığında belə bir ifadə var. «Rusiya yenidən çarın hakimiyyəti altındadır», – deyə jurnalın redaksiyası Twitter-də yazıb.
Redaksiya yazısında jurnalın üz qabığına məhz Putin-in seçilməsinin səbəbləri açıqlanıb. Jurnalistlər hesab edirlər ki, Putin çar tituluna layiqdir. Çünki «manipulyasiya edilən demokratiyada qalib hər şeyi öz əlinə alır», real demokratiya isə ölkədə mövcud deyil.
«Putin-in vətəndaşlar arasında etimad reytinqi 80%-dən artıqdır, çünki onları inandırıb ki, «Putin yoxdursa, Rusiya da yoxdur»», – məqalədə deyilir.
«The Economist»in beynəlxalq şöbəsinin redaktoru, britaniyalı jurnalist Edward Lucas Rusiya və Putin haqda iki kitabın müəllifidir: «Kələk: casuslar, yalan və Rusiya Qərbə necə kəf gəlir» və «Yeni Soyuq müharibə: Kreml Rusiyanı və Qərbi necə təhdid edir».
Lucas CurrentTime.TV- yə müsahibəsində Putin-in yeni prezidentlik müddəti və Kremlin xarici siyasəti haqda gözləntilərini bölüşüb.
«MACARISTAN SEVİNMƏLİDİR Kİ…»
Lucas hesab edir ki, Avropada ifrat sağçıların uğur qazanması Rusiyaya sərfəlidir.
«Özəlliklə də, Avstriyada ifrat sağçıların hakimiyyətə gəlməsi Rusiyanın xeyrinə olacaq. Çünki Qərbin maliyyə mərkəzi kimi Avstriyaya ehtiyac var. Avstriyada rusiyameylli nazirlərin olması bizə böyük çətinlik törədəcək… Ancaq daha çox Macarıstandan narahatam. Cənab Orban-ın (baş nazir Viktor Orban) ötən həftəki çıxışı müstəsnadır: o, öz sözlərinə görə, hazırkı Brüssel təhlükəsini 1956-cı ildəki sovet təhlükəsiylə müqayisə edir. Bu, çox iyrənc müqayisədir. Rusiyanın Macarıstana təsirindən həqiqətən narahatam. Çexiya və Avstriya üçün narahatlığımdan qat-qat daha çox», – o deyir.
«Sözsüz ki, Rusiya Ukrayna ilə qonşuları arasında münaqişələri dəstəkləməkdə maraqlıdır. Bu belədir və bu üzücüdür. …Son 10-15 ildə Polşa – Ukrayna münasibətlərində mühüm irəliləyişlər olmuşdu. Ölkələr mürəkkəb ümumi tarixlərini geridə qoymuşdular. İndi bu yaxınlaşma geriləməkdədir. Bu işdə əsas rolu Polşa hökuməti, Polşa mediası və sosial şəbəkələrinin sağ qanadı oynayır.
Macarıstanla bağlı da ciddi problem yaşanır. Qərbi Ukraynadakı macar azlığı şikayət etməməlidir. Ukrayna hökumətinin azlıqlara münasibəti çox yaxşıdır. Macarıstan azlıq məsələsini süni şəkildə problemə çevirir. Macarıstan sevinməlidir ki, avropayönümlü, demokratik qonşusu var və bütün çətinlikləri uğurla dəf edərək, bütün Avropanı Rusiya imperializmindən qoruyur. Bunun əvəzində cənab Orban belə bir əhəmiyyətsiz, süni yaradılmış məsələyə görə Ukraynaya hücum edir», – Lucas söyləyir.
TÜRKİYƏNİN ROLU
Edward Lucas Rusiyanın Krım tatarlarının liderlərini azad edərək, Türkiyəyə təhvil verməsi və Ukrayna məsələsində Türkiyənin mümkün roluna da toxunub:
«Türkiyə prezidenti Erdoğan bütün dünyadakı türklər üzərində məsuliyyəti (özü anladığı mənada) öz üzərinə götürür. O, mahiyyətcə pantürkistdir və bu normaldır. Bu, populistin müdafiə mövqeyidir. Ancaq deyəsən, o, hazırda Krımın da daxil olduğu yeni Rusiya imperiyası ərazisində yaşayan türkdilli xalqların vəziyyətini görmür. Mən onun Krım tatarları ilə bağlı nəsə edəcəyini gözləyirdim. Ola bilsin ki, Erdoğan Putin-lə söhbətində deyib: Vladimir, xahiş edirəm, mənə bu məsələdə bir yaxşılıq elə. Türkiyədə daha populyar olmağa kömək edəcək məsələdə. Çünki Türkiyə cəmiyyəti Krım tatarlarının vəziyyətindən Tatarıstan, Başqırdıstan və başqa yerlərdə baş verənlər qədər narahatdır».
Lucas-ın sözlərinə görə, Rusiyada sonuncu dəfə seçkilər 17 il öncə keçirilib. O, budəfəki seçki səhnəsində Ksenia Sobchak-ın peyda olmasından narahatlığını bildirir:
«Bu, Navalny-nın kampaniyasına dağıdıcı təsir göstərə, onun işini çətinləşdirə bilər. Navalny daha ciddi seçim və alternativ kimi görünür. Hərçənd ki, onun seçilmək şansı yoxdur».
«SADƏCƏ, BAŞLAMAQ LAZIMDIR»
«Putin-in ən zəif yeri haradadır? Məncə bu, onun pullarıdır. Biz bu günlərdə maraqlı hesabat gördük. Söhbət Putin-in yaxın adamlarına məxsus izahı olmayan 24 milyard dollardan gedir. İşin ən maraqlı tərəfi odur ki, bütün bu sərvətlər… Rusiyada deyil. Bu pulların əsas hissəsi xaricdədir. Ona görə də, Putin-in Şərqi Avropada, Qərbi Avropada, Balkanlarda və s. növbəti təxribata əl atacağını düşünmək lazım deyil.
Putin-in çirkli pullarının harada olduğunu nəzərə alaraq, ona problem yaratmağın yollarını düşünmək və ona «əl çək» demək lazımdır. «Pullarını saxlamaq istəyirsənsə, Ukraynadan çıx, Krımı qaytar, digər ölkələrdə bütün bu təxribatlarından əl çək» demək lazımdır. Bu onun böyük zəifliyidir və bu zəiflik, SSRİ vaxtında mövcud deyildi. Brezhnev-in xaricdə böyük sərvəti olmayıb. Rusiyanı Mordor – bizə problemlər yaratmaq üçün əlində hər imkanı olan nəhəng krallıq kimi görmək lazım deyil.
Əslində, Rusiya Qərbdən xeyli kiçik və xeyli zəifdir. Əslində, biz çox şey edə bilərik. Sadəcə, başlamaq lazımdır», – Lucas-ın fikirləridir. (Azadlig.org)
Oxunub: 832