Səadət Cahangir
Yenə 37-ci illər haqqında oxuyuram. Günümüz belə tələb edir. Müqayisə aparmaq istəyidir, bəlkə də. O günlə bu günü nələr fərqləndirir? Kim kim olub? Kim kimi necə və niyə satıb? Hədəfə gələnlərə nədən bu qədər amansızlıq edilib? Bunları təkrar oxumaq çox çətindir, çox. Ürək və dayanma gücü lazım. Ürək lazım ki, Hüseyn Cavidlə bağlı o dəhşətli məqamları oxuyub sinənə çəkə biləsən. O ailənin yaşadıqlarını hiss etdikcə yanan canının ağrısına dayanasan. Gözünü bir nöqtəyə zilləyib, içindəki “nədən” üsyanına cavab tapasan. İnsan varından yox olur, bilirmisiniz? Bir şairə qarşı edilən bu qədər qisasçılıq nəymiş, ilahi! Hələ Müşfiq, Əhməd Cavad…
O illərdə 3 qrup adamlar olub, oxuyanlar bilir. Birinci qrup Cavid kimi hədəfə gələnlər, ikinci qrup onları satanlar və gedərgəlməzə göndərənlər, üçüncü qrup da baş verənlərə susanlar. İkincilərin adlarını tarix səhifələrindən oxuyub, ünvanlarına lənət yağdırırıq vaxtaşırı. Amma mənim üçün 3-cü qrup hər zaman daha böyük maraq doğurub. Hər zaman bu qənaətdə olmuşam ki, onlar baş verənlərdə ikincilər qədər günahkardır. İndi yaşadığım hadisələrin içində buna daha çox əmin olmağa başlayıram. Haqlı deyiləmmi? Bir insan çevrəsində baş verən bunca dəhşətə necə göz yuma bilər? Bir insan hər gün ətrafından götürülüb həbslərə daşınan günahsız, məsum şəxslərin cəzalanmasına necə səssiz qala bilər? Necə qapısını örtüb rahat yuxuya gedə bilər gecələr? Boğazından çörək-su necə keçər görəsən? Qapıbir qonşusundan yoxsul məhbus zənbili ilə həbsxanalara üz tutan analarla üz-üzə gəlincə vicdanı sızlamazmı? Bunu anlamaq da çox çətindir. Bir xalq əsrlər boyu baş verənlərdən heçmi dərs çıxarmaz? Heçmi ibrət götürməz tarixinin qara səhifələrindən? Heçmi dəyərlərini göz-bəbəyi kimi qorumağı öyrənməz? Ürək parçalayan gerçək ortada. Hələ də dərs almayıb bu xalq. Hələ də gözündəki toru silməyib. Hələ də kimin kim olduğunu anlamayıb. Hələ də dəyərlərinə sahib çıxmağı öyrənməyib…
37-ci il repressiya qurbanları haqqında qalaq-qalaq kitab yazanlar var. Onların bəziləri də Milli Məclisdə oturub. Cavidlər haqqında ən sanballı araşdırmaları aparmış Rafael Hüseynov kimi. Bu adamlar ölkədə baş verənləri görmürmü yəni? Bunlar ölkədə elementar insan haqlarının tanınması üçün bircə dəfə səslərini çıxardılarmı illərcə? Bircə dəfə “belə olmaz” dedilərmi, ədalətsiz şəkildə həbsə atılan insanlar üçün? Nə oldu, missiyanızı 80 il bundan öncə baş verənləri qələmə alıb susmaqla başa çatmışmı sayırsınız? Bir başınızı qaldırın, görün bu məmləkətdə insanlar nələr çəkir! İndi isə məsələ tam aydındır, guya siz Cavidin zamanında yaşasaydınız, onun müdafiəsinə qalxacaqdınız ki? Guya o tarixdə yaşasaydınız, Müşfiqin və ya Əhməd Cavadın tərəfində olacaqdınız? Harada olacağınız susmağınızdan bəllidir, artıq. Nəcib Fazil demişkən “ha asanlar, ha susanlar…” Doğrudan da, nə böyük fərq var ki?..
Oxunub: 270