Ölkədə sosial-ekonomik durum olduqca ağırdır. Ölkənin başı üzərində açıq-açığına ölüm kabusu dolaşmaqdadır. 2016-cı ildə ölkədə 12 min 300 ailə dağılıb. Nədən? İşsizlikdən, yoxsulluqdan, pulsuzluğun yaratdığı dolanışıq dözülməzliyindən. Elə bu üzdən də qadınlar, kişilər, eləcə də gənclər, yeniyetmələr arasında, bir sözlə, toplumun bnütün kateqoriyalarından olanlar arasında, özünüöldürmə (ərəbcə, intihar) faktları durmadan artır. Dönə-dönə yazmışıq, bir daha vurğulamaq gərəkir: yarıtmaz Sağlamlıq sisteminin doğurduğu çoxsaylı ölüm faktlarını da üstə gəlsək, ölkənin gerçək soyqırım faktı ilə üzləşdiyini görərik. İllərin analizini ortaya qoysaq, ailə dağılmalarının, eləcə də ölüm-özünüöldürmə dinamikasının illər üzrə durmadan yüksəldiyini görərik.
Ortada ölkənin ölümcül durumla üzləşdiyini, bu durumun durmadan artan dinamikasını göstərən rəsmi statistika var. Di gəl, bu statistikanı araşdırıb dəyərləndirəcək dövlət qurumu, dövlət yetkilisi, dövlət başçısı yoxdur. 200 milyardlıq neft gəlirlərini mənimsəyəndən, daşa-divara yaxıb- yeyəndən, silib-sovandan sonra belə ortada olan resurslarla bu ölkəni indiki acınacaqlı-öldürücü durumdan çıxarmaq olanağı var. Ancaq, o olanağı gerçəkləşdirəcək bir yetkili güc yoxdur. 14 ildən bəri dövlətin başında duran adam ortada olmayan “güclü, dinamik inkişafdan”, aparılan “çox uğurlu islahatlardan” danışsa da, bunların hamısının necə bir yalan olduğunu yalnız ortadakı sosial-ekonomik gerçəklikdən deyil, demokratik jurnalistikanın, demokratik qurumların boğulması, vurulub sıradan çıxarılması faktlarından açıq görmək olar: yalanı yeritmək üçün QAÇILMAZ olaraq söz özgürlüyünü yasaqlamaq gərəyi yaranır.
Durğunluğa bürünmüş, sosial liftin işləmədiyi ölkədə getdikcə genişlənən, dərinləşən “islahatlardan” danışmaq istənilən dövlət başçısı üçün yalnız toplumu aldatmaq, yalnız topluma kələk gəlmək deyil, eləcə də özünü aldatmaq, özünə kələk gəlməkdir. Sovet dövləti kimi azman bir dövləti dağıdan durğunluq faktından paylarını götürməyənlər gec-tez hansı itkilərlə üzləşə biləcəklərini düşünmək bacarığını itirmişlərdir. Dəyişməz oliqarxiya-korrupsiya komandası ilə “islahatlar” aparılan ölkə bugünkü Azərbaycan kimi olar, başqa cür ola bilməz! Bu gün ölkəmizin bütün rayonları dotasiya ilə yaşayır. 20 ilin parazit, korrupsioner kadrlarının yerinə bütünlüklə başqa, yeni düşüncəli, yeni dünyagörüşlü kadrlar yetişdirib gətirmək gərəkirkən 20 ilin oğru-korrupsioner kadrları bu rayondan o rayona, o rayondan bu rayona ötürülməklə yalnız çoxdan oturuşmuş korrupsiya-oliqarexiya sistemini qoruyub saxlamağa yönəlik addımlar atılr. Beləliklə, ölkə bütövlükdə dönməz olaraq REANİMASİYALIQ duruma gətirilir. Belə bir dönməz, düzəlməz durumda iş yalnız sağlam ideyalı müxalifətə, sağlam ideyalı müxalifət liderlərinə qalır.
Açıq-aydın görünməkdədir: ölkədə bütünlüklə antiAzərbaycan xarakterli bir hakimiyət komandası formalaşıb. Bu, ölkəni istər iç, istər dlş politikada uduzdurmağa yüklənmiş bir komandadır. Bu komandadan Azərbaycana qurtuluş yoxdur, olmayacaq. Ölkəyə dəyişməz uğursuzluq komandası deyil, dəyişən, yeniləşən, yeniləşdikcə daha artıq uğura yüklənən komanda gərəkdir – günümüzün ən önəmli, qaçılmaz gerçəyi budur! Bunu müxalifət lideri funksiyasını üzərinə götürənlərin hamısı anlamalı, belə bir anlaqla da hansısa sevimli, keçilməz sandıqları ambisiyalarından keçməlidirlər. Bu yöndəki keçilməzlik onları ağır “bağırsaq keçilməızliyi” içində uğursuz gərəksizləşmə ilə üzləşdirə bilər. Çağın çaparağından çəkinmək gərəkdir!
Bugünlərdə saytların birində tanınmış partiya başqanlarından biriylə uzun-uzadı söhbəti oxudum. Hansısa normal ölkədə ola bilər, ancaq Azərbaycan kimi oğru-korrupsioner bir rejimin soyub-yağmalama yoluyla dağıtdığı ölkədə müxalifət liderinin aktiv politikadan yayınıb başqa işə qurşanması, hansısa ödül dalınca düşməsi normal görsəniş sayıla bilməz. Eləcə də özlərini “ölkədəki iki-üç gerçək müxalifət partiyasından biri” adlandırb dəyişməz passivlik sərgiləməklə yanaşı, yarıtmaz rejim politikalarına qarşı ardıcıl mitinqlər keçirən AXCP liderini “effektsiz” mitinqlər keçirməkdə qınamaq ölkənin indiki ağır sosial-ekonomik durumunda normal görsəniş deyil.
DƏDƏM QORQUDUN BİTİYİndə Azərbaycanın bugünkü durumu ilə çox uyuşan unudulmaz bir epizod var: evi yağmalanmış Qazan xan evini yağmalamış yağılarla savaşa çıxır. Qazan xanın yağılarla savaşa çıxdığını eşidən Oğuz bəyləri (Qazan xanı sevən-sevməyən) YAĞMALANMIŞ EV – MƏNLİK nədənilə Qazan xana köməyə gəlir, yardıma yürüyürlər: “Çal qılıcın, bəyim Qazan, yetdim!”-deyə. Sonda nə olur: böyük BİRLİKDƏN böyük DİRİLİK doğur! Ortada durmadan yağmalanan Azərbaycan EVİ – Azərbaycan MƏNLİYİ varkən “xalq qalxanda qalxacağıq” düşüncəsinə yükələnən partiyanı, partiya liderini xalq özünün öncülü, öndəgedəni olaraq görə bilərmi? Lider gündəlik aktual çalışmalarıyla özünü partiyası ilə birgə xalqın avanqardına çevirə bilir – xalq qalxandan sonra lider-avanqard olmaq istəyi “nə yoğurdum, nə yapdım…” istəyi deməkdir. Politoloji bilgiyə görə, lider politik-ideoloji ÇARPIŞMALARIN başında duran, politik-ideoloji ÇARPIŞMALARA YÖN VERƏN kimsəyə deyilir.
Oxunub: 734